ABŞ Konstitusiyasının qədim nüsxəsi 9 milyon dollara satıldı
Bu nüsxə Şimali Karolinadakı şəxsi evin şkafında tapıldıqdan iki il sonra hərraca çıxarılaraq 9 milyon dollara satılıb.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin nüsxə vaxtilə Kontinental Konqresin katibi Çarlz Tomson tərəfindən çap edilib.
Sənəd 1787-ci ildə Amerika Konstitusiyasının və hökumətinin çərçivəsini müəyyən edən Konstitusiya Konvensiyasından sonra çap olunub və sonra ştatlar tərəfindən ratifikasiya olunmaq üçün Konqresə göndərilib.
2022-ci ilə qədər 237 yaşlı kitab evin içərisində çoxdan unudulmuş anbardakı metal kartoteka şkafında toz bağlayıb. Şimali Karolina ştatının Edenton şəhərindəki ev 1787 – 1789-cu illərdə ştatın qubernatoru vəzifəsində çalışmış Samuel Constona məxsus olub.
Kontinental Konqresin mövcud olduğu dövrdə onun katibi Çarlz Tomson Konstitusiyanın 100-ə yaxın nüsxəsini çap etdirib, müasir dövrə isə onun yalnız səkkiz nüsxəsi çatıb. Həmin nüsxələrdən yeddisi hökumətin mülkiyyətindədir.
“Bu, hökumətlə xalq arasında ünsiyyət nöqtəsidir. “Biz, xalq” preambulası hökumətin xalqdan özünə səlahiyyət vermələrini xahiş etdiyi məqamdır”, -deyə “Brunk Auctions”un sahibi, Endrü Brank “Associated Press”ə bildirib.
Onun sözlərinə görə, lotun yekun qiymətinin 9 milyon dollara çatması üçün cəmi 7 dəqiqə vaxt lazım olub. Üstəlik, potensial alıcılardan gələn təkliflərin əksəriyyəti telefonla – 500 min dollar intervalla alınıb.
“Mənə hər həftə Müstəqillik Bəyannaməsinə və ya Gettisberq nitqinə sahib olduqlarını düşünən insanlardan zənglər gəlir, lakin çox vaxt bu, sadəcə surət olur. Ancaq vaxtaşırı vacib nəsə tapılır”, - deyə hərracdan öncə tarixi sənədləri qiymətləndirən Set Kaller bildirib.
Xatirə SADİQ