“Crocus City Hall” faciəsində təqsirləndirilənlərin həbs müddəti uzadıldı
Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə daha dörd müttəhimin həbs müddətini uzadıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin həbs müddəti 2025-ci il fevralın 22-dək davam edəcək.
Hakim Yevgeniya Nikolaeva 20 noyabr 2024-cü il tarixli qərarına əsasən, İsrail İslamov, Dilovar İslamov, Aminçon İslamov və Əlişir Qasımov gələn il ədalət mühakiməsi qarşısına çıxacaqlar.
Bütün məhkəmə prosesi qapalı rejimdə keçirilib. Bir gün öncə – noyabrın 19-da məhkəmə terror aktını törətməkdə şübhəli bilinən digər şəxslər barəsində də həbs-qətimkan tədbirinin müddətini eyni tarixə qədər uzadıb.
Xatırladaq ki, Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında 2024-cü il martın 22-də terakt törədilib. Terrorçular binada olan insanlara atəş açıb və konsert zalını yandırıblar. Faciə zamanı 145 nəfər həlak olub.
Qeyd edək ki, “Crocus City Hall” tanınmış azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus Group” şirkətinə daxildir.
Xatirə SADİQ