“Həmas”ın təhlükəsizlik idarəsinin rəhbəri öldürüldü – İsrail ordusu

İsrail ordusu (İDF) dekabrın 22-də Fələstinin “HƏMAS” qruplaşmasının təhlükəsizlik idarəsinin rəhbəri Tərvat Məhəmməd Əhməd Albekin öldürüldüyünü elan edib.

Dec 24, 2024 - 10:40
“Həmas”ın təhlükəsizlik idarəsinin rəhbəri öldürüldü – İsrail ordusu

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Məlumata görə, Albek Qəzza zolağındakı Duray Taffa şəhərindəki “Musa ibn Nusayrə” məktəbində yerləşən və “HƏMAS”ın hərbi məqsədlər üçün istifadə etdiyi komanda və idarəetmə mərkəzində işləyirdi. 

İDF qeyd edib ki, “HƏMAS”ın Təhlükəsizlik İdarəsi strateji qərarlar qəbul etməyə kömək edən kəşfiyyat məlumatlarının qiymətləndirilməsinə, eləcə də qrupun yüksək vəzifəli məmurlarının təhlükəsizliyinə cavabdehdir, onları gizlənmək üçün yerlərlə təmin edir.

“Albek təhlükəsizlik mexanizmlərində mərkəzi fiqur olub və qərarların qəbulu prosesində mühüm rol oynayıb", - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.

İDF qeyd edib ki, zərbədən əvvəl İsrail hərbçiləri mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün çoxsaylı tədbirlər görüb. Hücumda yüksək dəqiqliklə idarə olunan hərbi sursatlar, havadan müşahidə və əlavə kəşfiyyatdan istifadə edilib.

Xatirə SADİQ