Lənkəranın icra başçısını niyə aradan götürmək istəyib? "Xoşum gəlmirdi"

Ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oct 29, 2024 - 16:18
Oct 29, 2024 - 16:19
Lənkəranın icra başçısını niyə aradan götürmək istəyib? "Xoşum gəlmirdi"

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

Bəhruz Əskərov qeyriləri ilə cinayət əlaqəsinə girərək terrorla əlaqəli ağır cinayətlər törətməyi planlaşdırmaqda ittiham edilir.

Əskərovun nifrət bəslədiyi şəxslərdən biri Lənkəranın icra başçısı Taleh Qaraşov olub. Onun həyatına sui-qəsd təşkil etmək üçün işə keçib. Müxtəlif vaxtlarda onu təqib edib, işə gəlib-getmə vaxtlarını öyrənib. Bundan başqa o, ətrafına topladığı şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd həyata keçirməyi tapşırıb. 

Amma Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat tədbiri ilə Bəhruz Əskərovun iradəsindən asılı olmayaraq cinayət törətməsinin qarşısı alınıb. Ona əməllərinə görə Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.

Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. 

Məhkəməyə sədrlik edən hakim Səbuhi Hüseynov təqsirləndirilən şəxsdən ittihama münasibətini soruşub. Müttəhim Əskərov özünü qismən təqsirli bildiyini, sərbəst ifadəsində ətraflı danışacağını deyib.

Növbəti iclas dekabrın 3-nə təyin edilib.

qafqazinfo