Pezeşkian namaz qılmaq bəhanəsi ilə otelə qayıdıb və... - Kremldə nə baş verib?

İran prezidenti Məsud Pezeşkian və onu müşayiət edən nümayəndə heyəti yanvarın 17-də Moskvaya səfəri zamanı xoşagəlməz vəziyyətlə üzləşiblər.

Jan 19, 2025 - 18:16
Jan 19, 2025 - 18:48
Pezeşkian namaz qılmaq bəhanəsi ilə otelə qayıdıb və... - Kremldə nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, bunu müxalif "İran İnternational" nəşri iddia edib.
 
Nəşri məlumatlandıran mənbənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gedən Pezeşkian və onun rəhbərlik etdiyi nümayəndə heyəti bir saata yaxın qapıda gözləmək məcburiyyətində qalıb. Onlara məlumat verilib ki, Putin hələ görüşə hazır deyil. İran nümayəndə heyətindən ya zalda gözləmək, ya da otelə qayıtmaq istənilib.

Narahat vəziyyətdə olan İran prezidenti və onu müşayiət edən şəxslər namaz qılmaq bəhanəsi ilə otelə qayıdıblar. Daha sonra Putinlə görüşmək üçün Kremlə qayıdıblar.

Xatırladaq ki, Məsud Pezeşkianın Moskvaya səfəri zamanı İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Bu sənədin tam mətni dekabrın 28-də TASS agentliyi tərəfindən dərc edilib. 

Memorandumda tərəflərin müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcəyi bildirilir. Bununla belə, sənəd tərəflərin bir-birləri qarşısında hərbi öhdəliklərini nəzərdə tutmur. Memoranduma əsasən, tərəflərdən birinə hücum olarsa, qarşı tərəf təcavüzkara heç bir dəstək verməyəcək. Yəni bu, müttəfiqlik müqaviləsi deyil, daha çox hücum etməmək müqaviləsidir.

Bundan əlavə, Moskvada aparılan danışıqlardan sonra Rusiya tərəfi Azərbaycan ərazisi ilə İrana 55 milyard kubmetrə qədər Rusiya qazının nəqlinə dair razılığın əldə olunduğunu bəyan edib. Bakının bu bəyanatla bağlı mövqeyi məlum deyil.

Oğuz