Roma Papası Fransisk ilkə imza atdı - FOTO
Roma Papası Fransisk tarixdə ilk dəfə qadını Vatikanın iri qurumunun prefekti təyin edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Məlumata görə, söhbət Katolik Kilsəsinin dini ordenlərinə nəzarət edən departamentə 2023-cü ildən bəri rəhbərlik etmiş 59 yaşlı italyan rahibə Simona Brambilladan gedir.
Brambilla dini ordenlərə mənsub 600.000 rahibə və 129.000 keşişə nəzarət edəcək. Yeni prefektin əsas vəzifələrindən biri bütün dünyada rahibələrin sayında azalma tendensiyasını aradan qaldırmaq olacaq.
Vatikanın məlumatına görə, onların sayı 2010-cu ildəki 750 mindən 2024-cü ildə 600 minə qədər azalıb.
Brambilla bu vəzifəni tutan ilk qadın olsa da, Fransisk eyni vaxtda kardinal Anxel Fernandes Artimeni qadınla birlikdə həmsədr təyin edib. Çox güman ki, papanın bu qərarı onunla bağlıdır ki, dikasteriya başçısı messaya xidmət etməyi və dini ayinləri yerinə yetirməyi bacarmalıdır, bunu isə yalnız kişilər həyata keçirə bilər.
Mütəxəssislər bu təyinatı Ropa papasının kilsə idarəçiliyində qadınlara daha çox liderlik rolu vermək cəhdində mühüm addım kimi qiymətləndiriblər.
Qadınlar artıq Vatikanın bəzi strukturlarında rəhbər müavinləri vəzifələrində çalışsalar da, tarixdə ilk dəfə olaraq qadın Katolik Kilsəsinin mərkəzi idarəetmə orqanı olan Roma Kuriyasının dikasteriyasının (qurum) prefekti olub.
Xatirə SADİQ