166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Dəyəri 40 milyon 225 min 220 manat 55 qəpik olan tender müsabiqəsinin qalibi “19 saylı Tikinti Təmir İdarəsi” MMC (VÖEN- 1101408601) olub.
Məlumat üçün bildirək ki, “19 saylı Tikinti Təmir İdarəsi” MMC Cəbrayıl rayonu, Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 100 000 manat olan “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin hüquqi ünvanı Qusar şəhəri, Karl Marks, ev 67 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.
Onu da bildirək ki, 40 milyon manatlıq tender müsabiqəsində qalib olan “19 saylı Tikinti Təmir İdarəsi” MMC -nin dövlət büdcəsinə 166 min 411 manat 21 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsiylə bağlı sənəd qəbulunu bu ilin sentyabr ayında keçirib. “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin sentyabr ayında vergi borcu olmayıbsa, o zaman 166 min manatlıq borc son bir ay ərzində yaranıb.
Yeniavaz.com