ABŞ-nin bu qərardan xəbəri olmayıb – Dövlət Departamenti
“Cənubi Koreya prezidentinin hərbi vəziyyət elan etmək planları barədə Birləşmiş Ştatlara əvvəlcədən xəbərdarlıq edilməyib”.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell bunu Dövlət Departamentində çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, ölkəsi Cənubi Koreyadakı hadisələri böyük narahatlıqla izləyir və bütün siyasi fikir ayrılıqlarının qanunun aliliyinə uyğun olaraq sülh yolu ilə həll ediləcəyinə ümid edir.
“Biz Cənubi Koreyadakı son hadisələri ciddi narahatlıqla izləyirik. Biz həm burada, həm də Seulda bütün səviyyələrdə tərəfdaşlarımızla qarşılıqlı hərəkət etməyə çalışırıq”, - deyə Kempell əlavə edib.
Kempbell qeyd edib ki, prezident Co Bayden, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Antoni Blinken vəziyyətin inkişafı ilə bağlı məlumatlar alırlar. O, ABŞ-nin Cənubi Koreya ilə müttəfiqliyinin dəmir kimi möhkəm olduğunu vurğulayıb.
“Biz bu qeyri-müəyyənlik mərhələsində Koreyanın yanındayıq. Həmçinin vurğulamaq istəyirəm ki, biz bütün siyasi mübahisələrin sülh yolu ilə və qanunun aliliyi əsasında həll olunacağına ümid edirik və gözləyirik”, - deyə dövlət katibinin müavini nəzərə çatdırıb.
Xatirə SADİQ