ABŞ “Qazprombank”a sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Qazprombank” və “DOM.rf” bankına qarşı sanksiyalar tətbiq edib. 

Nov 22, 2024 - 14:28
ABŞ “Qazprombank”a sanksiyalar tətbiq etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb. Bundan başqa, Vaşinqton sanksiya siyahısına daha 10-a yaxın bankı əlavə edib. 

“Qazprombank”a qarşı sanksiyalar onun SWIFT-dən ayrılmasına gətirib çıxara bilər. 

Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya bu bankdan Ukraynaya qarşı müharibəni davam etdirmək məqsədilə hərbi texnika almaq və Rusiya hərbçilərinə ödənişlər köçürmək üçün istifadə edir. 

“Qazprombank” və “DOM.rf” aktivlərinin həcminə görə Rusiya kredit təşkilatlarının ilk onluğuna daxildir.

Qeyd edək ki, “Qazprombank” xaricdəki Rusiya diplomatik qurumlarına bankın iştirakı ilə əməliyyatlar aparmağa imkan verən ümumi lisenziyaya və xaricdə fəaliyyət göstərən “Union Pay” kartlarına malikdir.

“Qazprombank” ABŞ və Avropa İttifaqının sektoral məhdudiyyətlərinə məruz qaldığından uzunmüddətli maliyyə ala bilmir. 

Sanksiyalara həmçinin Rusiya Mərkəzi Bank sədrinin birinci müavinləri Dmitri Tulin və Vladimir Çistyuxin, Mərkəzi Bankın milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina və maliyyə sisteminin dayanıqlığı departamentinin rəhbəri Yelizaveta Danilova düşüblər.

Xatirə SADİQ