Adnan Əhmədzadə tək olmayıb, daha iki vəzifəli saxlanıldı? - Bu gün elan olunacaq
SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini, Azərbaycanda özünü iş adamı kimi geniş təbliğ edən Adnan Əhmədzadə həbs olunub.
SAVASHMEDİA.az xatırladır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Məhkəmədə elan edilən ittihamda bildirilib ki, Adnan Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir.
İddia olunur ki, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
Amma bu işdə onun yalnız olmadığı da böyük ehtimaldır.
Bəzi mənbələr musavat.com-a Adnan Əhmədzadə ilə yanaşı, bir neçə yüksək vəzifəli şəxsin də həbs olunduğunu iddia edirlər. Onlardan ən azı iki nəfərin kimliyi bizə bəllidir.
Sabah onların hər ikisi ilə bağlı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.