Ankara ABŞ-yə tətbiq edilən bəzi tariflərdən imtina etdi

Türkiyə hökuməti 2018-ci ildə minik avtomobillərdən tutmuş meyvəyə qədər ABŞ-dən idxala tətbiq edilən tarifləri ləğv edib.

Sep 22, 2025 - 14:01
Ankara ABŞ-yə tətbiq edilən bəzi tariflərdən imtina etdi

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, minik avtomobilləri, meyvələr, düyü, tütün, spirtli içkilər, bərk yanacaq və kimyəvi məhsullar kimi mallara tətbiq edilən rüsumların ləğvi barədə xəbər Türkiyənin rəsmi xəbərlər məcmuəsində açıqlanıb.

Agentlik hesab edir ki, bu addım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu həftə amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşəcəyi ilə əlaqədardır. Görüş zamanı ticarət və hərbi sazişlərin bağlanacağı gözlənilir. 

Bazar ertəsi elan edilən ləğv Trampın ilk prezidentlik dövründə ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi tariflərə cavab olaraq 2018-ci ildə tətbiq edilən tariflərə şamil edilir.

Türkiyənin Ticarət Nazirliyindən bildirilib ki, 2018-ci ildə tətbiq edilən tariflər tərəflərin gördüyü tədbirlər əsasında sonradan yenilənib, lakin ödənişlərin cari ölçüsü ilə bağlı rəqəmlər təqdim edilmədən onlar müəyyən dərəcədə qüvvədə qalıb.

Nazirlik qeyd edib ki, Türkiyə ABŞ ilə illik ikitərəfli ticarətdə 100 milyard dollarlıq hədəfinə çatmaq üçün işləməyə davam edəcək. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 30 milyard dollar təşkil edib.

Agentlik xatırladıb ki, ABŞ avqust ayında Türkiyənin idxalına 15% rüsum tətbiq etsə də, Ankara buna cavab olaraq heç bir tədbir görməyib.

Xatirə SADİQ