"Avtobuslarla, o da mümkün olmasa, şəxsi maşınlarla..." - Saakaşvili müraciət yaydı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müxalifəti və ölkə vətəndaşlarını oktyabrın 26-da keçiriləcək seçkilərdə fəal olmağa çağırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
Saakaşvili xəbərdarlıq edib ki, Gürcüstan ölümcül təhlükədədir:
“Faktiki olaraq Vətənimizi itiririk, bizi böyük fəlakət gözləyir, əgər hamımız səfərbər olub, 26-da seçkiyə getməsək, nəinki “vizasız” rejimi itirəcəyik, ölkə nəinki kökündən yoxsullaşacaq, biz Rusiyanın bir hissəsi olacağıq”.
Onun sözlərinə görə, hazırda vədlər üstündə yarışmağın vaxtı deyil.
“Hamımız əl-ələ verək, seçicilərimizi səsverməyə çıxaraq və Gürcüstanı birlikdə xilas edək. Mən bütün partiyaları və fəal insanları Tbilisi rayonlarından seçicilərin avtobuslarla, avtobuslara maneələr yaradıldığı halda isə şəxsi avtomobillərlə qeydiyyat məntəqələrinə daşınmasına kömək etməyə çağırıram. Hər bir səsin itirilməsi ölümcül təhlükə yaradır, yeganə çıxış yolu tam səfərbərlikdir!”, - deyə Saakaşvili çağırış edib.
Xatirə SADİQ