Rusiyaya görə İranın 3 aviaşirkətinə sanksiyalar tətbiq edildi
Avropa İttifaqı (Aİ) Şurası bu gün İranın Rusiyaya ballistik raketlər və pilotsuz təyyarələr verməsi ilə əlaqədar 7 fiziki və 7 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirləri rəsmən təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Sanksiya siyahısına İranın üç aviaşirkəti – “Saha Airlines”, “Mahan Air”, “Iran Air” və iki satınalma şirkəti daxildir. Onlar transmilli satınalma şəbəkələri vasitəsilə Rusiyaya İran istehsalı olan PUA-ların, əlaqəli komponentlərin və texnologiyaların tədarükünə cavabdehdirlər.
Siyahıya raket və raket mərmilərinin buraxılması üçün istifadə olunan yanacağın istehsalı ilə məşğul olan iki şirkət də daxil edilib.
Bundan başqa, Aİ Şurası İran müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qollarından biri olan “Qüds”ün, SEPAH-ın “Hatəm əl-Ənbiya” Mərkəzi Qərargahının, Aerokosmik Qüvvələrin Kosmik İdarəsinin yüksək vəzifəli məmurlarına, həmçinin “İran Aviaquruculuq Sənayesi” şirkətinin (HESA) və “Aerokosmik Sənaye Təşkilatının” (AIO) rəhbərlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.
Bu şəxslərin aktivləri dondurulacaq və Avropa İttifaqına giriş qadağası qoyulacaq. Sadalanan fiziki şəxslərə, qurumlara və ya qurumlara birbaşa və ya dolayısı ilə vəsaitlərin və ya iqtisadi resursların təqdim edilməsi qadağandır.
Qeyd edək ki, Aİ bundan əvvəl İrana ballistik raketlərin Rusiyaya ötürülməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmiş və bu addımı tabunu pozmaq kimi qiymətləndirdiyini bildirmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi dünən Aİ-nin planlaşdırdığı sanksiyaları pisləyib. O, İranın Rusiyaya ballistik raketlər vermədiyini söyləyib.
Xatirə SADİQ