“Azərbaycan Ordusu qaşını qaldıranın gözünü çıxarar”   - Solovyova xəbərdarlıq

Rusiyanın bədnam “jurnalist”i, dəfələrlə Azərbaycandan üzr istəmiş Vladimir Solovyov “Rossiya-1” telekanalının efirindən ölkəmizi təhdid edib. 

Jul 2, 2025 - 15:29
“Azərbaycan Ordusu qaşını qaldıranın gözünü çıxarar”   - Solovyova xəbərdarlıq

SAVASHMEDİA.az xəbər verir ki, onun bu təhdidi sosial şəbəkələrdə paylaşılıb. 

O, bildirib ki, Azərbaycana, onun tarixinə və ənənələrinə hörmətlə yanaşsa da, “əgər Rusiya qaşını bir saniyəlik qaldırsa, Azərbaycanın problemləri olacaq”.

O, “problem” dedikdə, Azərbaycanın Rusiyanın üçüncü ticarət tərəfdaşı olduğunu, azərbaycanlı əsilli soydaşlarımızın Rusiyadan Azərbaycana pullar köçürdüyünü və iki ölkə arasında 300 kilometrlik sərhədi xatırladıb. 

Ukrayna mediası diqqətə çatdırıb ki, Solovyov Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaqdan iki gün əvvəl də oxşar ifadələr işlədib: “Qaşımızı qaldırarıq – və Ukrayna hər şeyi başa düşəcək! Həm də heç bir illüziyaya ehtiyac yoxdur... Kiyevi götürərik!”.

Yəqin Solovyov kimiləri bilmir ki, Azərbaycanda qaşla bağlı gözəl atalar məsəli var: “Qaş düzəltdiyi yerdə gözünü çıxardı”.

Azərbaycanın Müzəffər Ordusu çoxdan sübut edib ki, qaşını hətta bir saniyə qaldıranın gözünü ovcuna qoyarlar...

Xatirə SADİQ