"Azercell"in ikinci dəfə satışa çıxardığı nömrələr problem yaradır - ŞİKAYƏT
“Azercell istifadə olunmuş nömrəni yeni nömrə kimi satışa çıxarır”.
Bu barədə SAVASHMEDİA.az-a daxil olan şikayətdə bildirilib.
Şikayətçi qeyd edib ki, yeni nömrə alıb, lakin nömrədən sosial şəbəkələr üçün başqası istifadə edir:
İki həftə bundan əvvəl 28 mayda yerləşən mağazaların birindən yeni adı ilə satılan “Azercell” nömrəsi aldım. Bunun üçün 21 manat (15 AZN nömrə + 6 AZN aktiv olması üçün kontur) ödədim.Nömrəni telefona taxdım. “Telegram” sosial şəbəkəsini yükləmək istədim. Kod fərqli gmaile getdi, nömrəyə gəlmədi. Başqa “Telegram” hesabı ilə aldığım nömrənin “Telegram”ını işlədən şəxsə yazıb durumu anlatdım. O qardaş da məni bloka atdı. “Azercell”ə zəng edib, nömrəni təzə nömrə adı ilə satışa qoyduqlarını, lakin sosial şəbəkəsini başqasının işlətdiyini bildirdim. Tələb etdim ki, ya həmin adamın sosial şəbəkəsi bu nömrədən ləğv edilsin, ya da nömrə mənim adımdan çıxarılsın”.
“Azercell”dən müştəriyə verilən cavabda isə bildirilib ki, nömrəni ikitərəfli bağlamaq üçün əlavə pul ödəməlidir, sosial şəbəkəyə isə qarışmırlar :
“Dedilər, nömrə adınızdan ən azı 5-6 ay sonra çıxarıla bilər. Nömrənin dərhal ikitərəfli bağlanması üçün isə əlavə 20 AZN pul ödəməliyəm. O halda belə nömrə 4-5 ay sonra adımdan çıxarılacaq.Qeyd etdim ki, nömrə mənim adımadır, bəs sosial şəbəkəsini işlədən şəxs sabah qanunsuz bir iş görsə və ya başqa bir xoşagəlməz hal yaşansa, necə olacaq? Cavabları isə belə oldu: “Onda nömrəni başqasının adına keçirin”. O halda da başqasının zərər görəcəyini dedim. “Bizlik deyil, sosial şəbəkə üçün isə cavabdehlik daşımırıq” deyərək başlarından etdilər… “Azercell” müştəriləri barmağına dolayıb. Maraqlıdır, bəs kim cavabdehlik daşıyır? Şikayətçiyəm!”.