Bakıda sürücülərə ən çox cərimə yazılan küçələr - Siyahıda sizin marşrutunuz da var?
Paytaxtın bir çox küçə və prospektində radarlar, müşahidə kameraları və avtomatik qeydiyyat sistemləri fəaliyyət göstərir.
SAVASHMEDİA.az xəbər verir ki, bu cihazların daha çox olduğu bəzi yollar sürücülərin daha çox cərimə ilə üzləşdiyi ərazilər kimi tanınır.
Rəsmi qurumlar küçələr üzrə "ən çox cərimə yazılan yollar" siyahısını açıqlamasa da, sürücülərin və yol hərəkəti üzrə mütəxəssislərin müşahidələrinə əsasən müəyyən nəticələrə gəlmək olur.
Sürücülər üçün "ən təhlükəli" yol kimi Heydər Əliyev prospekti göstərilir. Paytaxtın əsas giriş-çıxış yollarından biri olan bu prospektdə sürətə nəzarət edən çoxsaylı radarlar fəaliyyət göstərir və sürət həddinin aşılması ən çox qeydə alınan pozuntulardandır.
Ziya Bünyadov prospekti də elektron nəzarətin ən sıx tətbiq olunduğu ərazilərdəndir. Burada həm yüksək hərəkət intensivliyi, həm də sürət rejiminə ciddi nəzarət səbəbindən sürücülər tez-tez cərimələrlə qarşılaşırlar.
Sürücülərin diqqətli olmalı olduğu digər yollardan biri Tbilisi prospektidir. Bu ərazidə zolaq dəyişmə qaydalarının pozulması, sürət həddinin aşılması və işıqfor tələblərinə əməl edilməməsi kameralar vasitəsilə qeydə alınır.
Babək prospekti, Neftçilər prospekti və Nobel prospekti də nəzarətin yüksək olduğu küçələr sırasındadır. Xüsusilə pik saatlarda dayanma və durma qaydalarının pozulması, avtobus zolağına daxil olma və digər qayda pozuntuları burada elektron sistemlər tərəfindən aşkarlanır.
Mərkəzi küçələrdən Parlament prospekti və Mikayıl Müşfiq küçəsində isə əsasən parklanma, dayanma və durma qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir.
Yol hərəkəti üzrə mütəxəssislər bildirirlər ki, sürücülərin ən çox yol verdiyi pozuntular sürət həddinin aşılması, qırmızı işıqdan keçmə, təhlükəsizlik kəmərindən istifadə etməmək, sükan arxasında mobil telefondan istifadə və avtobus zolağına qanunsuz daxil olmaqdır.
Qeyd edək ki, Bakıda elektron nəzarət sistemi ildən-ilə genişləndirilir. Bu səbəbdən sürücülərə radarların yerini əzbərləmək əvəzinə, bütün yol hərəkəti qaydalarına əməl etmək tövsiyə olunur. Bu, həm cərimələrdən yayınmağa, həm də yol hərəkətinin təhlükəsizliyini təmin etməyə kömək edir.
Səlcuq