Britaniya şirkəti “Gürcü arzusu”nun rəsmi nəticələrinə inanmır

“Gürcü arzusu”nun parlament seçkilərindəki rəsmi nəticələri ilə “HarrisX” şirkətinin “exit-poll”unun məlumatları arasında ciddi uyğunsuzluqlar statistik səhvlə izah oluna bilməz.

Nov 1, 2024 - 11:56
Britaniya şirkəti “Gürcü arzusu”nun rəsmi nəticələrinə inanmır

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu səsvermə günü Britaniyanın “exit-poll” keçirmiş “HarrisX” şirkəti öz hesabatında bəyan edib. 

“Hətta “exit-poll” məlumatlarını Mərkəzi Seçki Komissiyasının (MSK) dərc etdiyi yekun məlumatların tam parametrləri nəzərə alınmaqla tənzimləsək belə, “Gürcü Arzusu”nun 53,96% səs toplaması sadəcə statistik olaraq qeyri-mümkündür”, - deyə şirkət vurğulayıb.

Bütün düzəlişləri nəzərə almaqla şirkətin “exit-poll”u “Gürcü Arzusu”nun   44,4% nəticəyə malik olduğunu göstərir. Gürcüstan MCK-nın ilkin məlumatlarına görə, hakim partiya 53,96% səs toplayıb. Fərq 200 mindən çox səs təşkil edir. Bu, 911 min səsə qarşı 1,1 milyon səs deməkdir. 

Gürcüstandakı 73 seçki dairəsindən 27-də xüsusilə böyük fərqlərin (15%) qeydə alındığına diqqət cəlb edilib. Burada Gürcüstan MSK hakim partiyaya “HarrisX”dən 172 523 çox səs hesablayıb. Bu, oktyabrın 26-da seçicilərin ümumi sayının 8 faizini təşkil edir.

“Bu uyğunsuzluq səsvermə prosesində mümkün pozuntuları göstərən statistik səhvlə izah edilə bilməz”, - şirkət bildirib. 

Marneuli dairəsində uyğunsuzluğın 40%-ə çatdığına diqqət cəlb edilib: “HarrisX” “exit-poll”unun nəticələrinə görə, 2024-cü il seçkilərində “Gürcü arzusu” Marneulidə 40% toplayıb, amma MSK “Gürcü arzusu”nun 80% səs topladığını xəbər verib. “HarrisX” “exit-poll” məlumatları ilə MSK-nın Marneulidəki rəsmi məlumatları arasında 40% uyğunsuzluq həm ağlabatmayandır, həm də qeyri-mümkündür”.

“HarrisX” həmçinin 2020 və 2024-cü il seçkiləri arasında “qeyri-adi səs dönüşü” məsələsinə toxunub. MSK-nın rəqəmlərinə görə, son parlament seçkilərindən sonra regionlarda iqtidar partiyasına səs verənlərin sayı təxminən 153,4 min nəfər artıb, müxalifətə səs verənlərin sayı isə 110,4 min nəfər azalıb. Tbilisidə “Gürcü arzusu”nun 43,5 min, müxalifətin isə +55 min səs artımı var. 
“HarrisX” müxalif “Mtavari” telekanalının sifarişi ilə “exit-poll” keçirib. Onun nəticələri “Formula TV”nin sifarişi ilə “exit-poll” keçirən “Edison Research” şirkətinin nəticələri ilə əhəmiyyətli şəkildə üst-üstə düşüb.

Hökumətyönlü “İmedi” telekanalının sifarişi ilə Gürcüstanın “GORBI” şirkətinin keçirdiyi “exit-poll”a əsasən isə “Gürcü Arzusu”nun təxminən 65% səs topladığı iddia edilib. 

Xatirə SADİQ