Bu nazir xanımı və qardaşı ilə məxfi məlumatı bölüşüb – CNN
ABŞ müdafiə naziri Pit Heqset yəmənli husilərə mart ayında hücumun təfərrüatlarını “Signal” qrupunun başqa çatında da bölüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə istinadən CNN məlumat yayıb.
Məlumata əsasən, həmin çata müdafiə nazirinin həyat yoldaşı, qardaşı və vəkili də daxil olublar.
CNN-ə danışan iki mənbənin sözlərinə görə, bu çat Heqsetin vəzifəyə təsdiqlənməsi prosesi zamanı strateji və inzibati məsələləri müzakirə etmək üçün yaradılıb. Çatda 10-dan çox şəxs olub və o hərbi planlaşdırma ilə heç cür əlaqədar olmayıb.
Lakin məsələ ondadır ki, Heqset təyinatdan sonra da bu çatdan ünsiyyət üçün istifadəyə davam edib.
Pentaqon rəhbəri bu çatda keçən ay “The Atlantic” tərəfindən açıqlananlara bənzər hücumun təfərrüatlarını paylaşıb.
Xatırladaq ki, bu hücum barədə məlumat “The Atlantic”in baş redaktoru Ceffri Qoldberqin səhvən “Signal” tətbiqində çata daxil edilməsindən sonra məlum olmuşdu.
“Reuters”in mənbəsinin sözlərinə görə, həmin söhbətdə hava hücumları cədvəlinin təfərrüatları müzakirə olunub.
Pentaqondakı amerikalı məmur son xəbərlərdən sonra Heqsetin işini davam etdirə biləcəyini şübhə altına alıb.
Eyni zamanda Pentaqonun sözçüsü Şon Parnell bazar günü axşam “X” şəbəkəsində yazıb ki, “Siqnal”ın heç bir çatında məxfi məlumat olmayıb. Onun sözlərinə görə, KİV narazı qalmış keçmiş işçilərin şikayətlərini öz məqalələri üçün yeganə mənbə kimi həvəslə qəbul edir.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə deyib ki, bu yaxınlarda işdən qovulmuş “informatorlar” öz sarsılmış eqolarını sakitləşdirmək və prezidentin proqramını pozmaq üçün həqiqəti təhrif etməyə davam edirlər.
Qeyd edək ki, informasiya sızması ilə bağlı aparılan araşdırmalar fonunda Pentaqonda bir sıra şəxslər işdən çıxarılıb. Söhbət ABŞ müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerrol, nazirin baş məsləhətçisi Den Kolduell, Pentaqon aparatı rəhbərinin müavini Darin Selnik və Pentaqon katibinin aparat rəhbəri Co Kasperdən gedir.
Xatirə SADİQ