"Bunu aparın, yoxsa doğrayacağam" - "Çevik"i belə döyüblər + TƏFƏRRÜAT

Mən, "Hüququm var" komandasının rəhbəri, Məqsəd Bağırovun hüquqşünası və etibarnamə üzrə nümayəndəsi qismində ictimaiyyəti aşağıdakılar barədə məlumatlandırıram.

Sep 2, 2026 - 20:27
"Bunu aparın, yoxsa doğrayacağam" - "Çevik"i belə döyüblər + TƏFƏRRÜAT

SAVASHMEDİA.az Qəbələdə döyülən "Çevik” adlı tiktoker Məqsəd Bağırovun vəkili Rəhim Xoyskinin açıqlamasını təqdim edir.

"31 avqust 2026-cı il tarixində Kamran Bilalov adlı şəxs müvəkkilimlə ortaq tanışları olan Fəqan Məlikzadəyə zəng edərək, Məqsəd Bağırovu dini mövzuların müzakirəsi üçün Qəbələ şəhərində yerləşən "Çay Bağı" restoranına dəvət etməsini xahiş etmişdir. Müvəkkilim dəvətə etiraz etməmiş, görüş restoranın kabinetində baş tutmuşdur.

Söhbət dini müzakirəyə keçməmişdən əvvəl Məqsəd Bağırov siqaret çəkmək üçün kabinetin qapısı önünə çıxmış, F.Məlikzadə isə kabinetdə qalmışdır. Həmin an K.Bilalov onun ardınca çıxaraq dini mövzularda video çəkilişlərini dayandırmasını tələb etmiş, müvəkkilim bu tələbə cavab verməyə macal tapmamış, onun baş nahiyəsinə çoxsaylı zərbələr endirmişdir. Zərbələr nəticəsində Məqsəd Bağırov huşunu itirərək yerə yıxılmışdır.

Səs-küyü eşidib kabinetdən çıxan F.Məlikzadəyə K.Bilalov "Bunu aparın, yoxsa onu doğrayacam" deyərək hədə-qorxu gəlmiş, bundan sonra F.Məlikzadə müvəkkilimi hadisə yerindən uzaqlaşdırmışdır. Baş verənlərlə bağlı dərhal "102" Polis Xidmətinə müraciət edilmişdir.

İstintaq çərçivəsində təyin olunmuş məhkəmə-tibb ekspertizası üzrə aparılan müayinələrlə müvəkkilimdə suborbital nahiyədə yumşaq toxumaların şişkinliyi və dərialtı hematoma, habelə burun sümüyünün sınığı aşkar edilmişdir. Hazırda Məqsəd Bağırov müalicə məqsədilə Bakı şəhərinə gətirilmişdir. Həkimlərin ilkin qənaətinə görə yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər.

Hadisəylə bağlı Qəbələ Rayon Polis Şöbəsində istintaq aparılır. Əldə olunan məlumatlar əməlin dini fanatizm zəminində törədildiyini düşünməyə əsas verir. Bu halın hüquqi qiymətləndirilməsi istintaqın səlahiyyətindədir və biz müvafiq vəsatətlərlə çıxış edəcəyik.

Hadisəyə tam və obyektiv hüquqi qiymət verilməsi üçün bütün qanuni addımlar atılır və atılacaqdır. İşin gedişatı barədə ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

Media nümayəndələrindən xahişimiz budur ki, açıqlamama istinad edərkən diqqətli olsunlar və mətnin təhrifinə yol verməsinlər".

Rəhim Xoyski
Məqsəd Bağırovun vəkili