Çin lideri Rusiyanı dəstəkləyəcəyinə söz verdi

ABŞ prezidenti Donald Trampın Moskvanın ticarət tərəfdaşlarına ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələməsi fonunda Çin prezidenti Si Cinpin Rusiyaya dəstəyi gücləndirəcəyinə söz verib. 

Jul 15, 2025 - 17:18
Çin lideri Rusiyanı dəstəkləyəcəyinə söz verdi

SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pekində görüşdə Çin lideri deyib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri (XİN) onun prezident Vladimir Putinlə əldə etdiyi mühüm razılaşmaları “səmərəli şəkildə həyata keçirməli” və “Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli meydanlarda qarşılıqlı dəstəyi və əməkdaşlığı gücləndirməlidirlər”. 

O, həmçinin iki ölkənin təhlükəsizlik və inkişaf maraqlarının qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyulun 14-də Tramp bildirib ki, Rusiya 50 gün ərzində Ukrayna ilə bağlı sülh sazişi bağlamasa, ABŞ Moskva və onun tərəfdaşlarına “sərt” 100 faizlik tariflər tətbiq edəcək. Çin isə Moskvanın ən iri tərəfdaşıdır. 

Pekin iddia edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir və hətta münaqişənin həlli üçün öz planını təklif edib. 

Lakin “South China Morning Post”un mənbələrinə görə, iyulun əvvəlində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşdə Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin Moskvanın bu müharibəni uduzmasına imkan verə bilməz. O, izah edib ki, əks-təqdirdə ABŞ diqqətini tamamilə Çinə qarşı yönəldəcək. 

Çin XİN rəhbəri onu da vurğulayıb ki, Pekin həqiqətən də Moskvaya kömək etsəydi, “müharibə çoxdan bitərdi”.

Xatırladaq ki, Kiyev Çin vətəndaşlarının Rusiya ordusunda Ukraynaya qarşı vuruşması ilə bağlı sübutlara malikdir.

Xatirə SADİQ