“Çox şadam ki, Azərbaycan prezidenti Moskvaya getmədi” – Amerikalı politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin 9 may tarixində Moskvaya getməkdən imtina etməsi təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraq və rəğbət doğurub.

May 8, 2025 - 19:01
“Çox şadam ki, Azərbaycan prezidenti Moskvaya getmədi” – Amerikalı politoloq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan amerikalı politoloq Ramiz Yunus Youtube-dakı Kurbanova LIVE telekanalına müsahibəsində danışıb. 
 
Ramiz Yunus bildirib ki, bu yaxınlarda Bakıda səfərdə olduğu üçün Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsinə, xüsusilə də Azərbaycan mülki təyyarəsi ilə bağlı faciədən sonra yaxşı bələddir. 

“Mən bilirdim ki, Azərbaycan prezidenti Azərbaycan cəmiyyətinin barometrini kifayət qədər yaxşı öyrənir”, - politoloq vurğulayıb.

O, xatırladıb ki, Azərbaycanda təyyarə faciəsi ilə bağlı tələblər dəqiq qoyulmuşdu və buna 9 maya qədər Rusiya tərəfindən aydınlıq gətirilməsi istənilirdi: “Çünki Kremldəki rejim və şəxsən Rusiya prezidenti üçün bu tarixin nə qədər müqəddəs olduğunu bilirdilər. Bu sizin üçün müqəddəs tarixdirsə, faciədən dərhal sonra vaxtınız vardı. Siz üzr istəməli, təzminat ödəməli, Azərbaycan xalqının mülki aviasiyasının faciəsində günahkar olanların hamısını cəzalandırmalı idiniz. Siz bunu etmədiniz, başqa yolla getdiniz”, - politoloq Kremli nəzərdə tutaraq deyib. 
  
Onun sözlərinə görə, Rusiyada güman edirdilər ki, bu faciənin üzərindən keçilər. Ona görə də Bakıya öncə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu, bu günlərdə isə patriarx Kirili göndərdilər: “Sonra? Bu reveranslar nəyi dəyişdi? Bu, Azərbaycan cəmiyyətinin faciəyə münasibətini dəyişmədi. Bunlar fərqli şeylərdir. 10 milyonluq Azərbaycan xalqı öz prezidentinin faciə ilə bağlı çıxışını çox yaxşı xatırlayır. Prezident bunu bir neçə dəfə aydın şəkildə ifadə edib”. 

Politoloq hesab edir ki, Moskvaya səfərdən imtina Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinin fikrinə önəm verdiyini göstərir: “Prezident axıra qədər gözlədi, böyük hörmət göstərdi, onları (Matviyenko və patriarx Kirili – red.) qəbul etdi, lazım olanları dedi.  Siz (Rusiya – red.) doğrudanmı düşünürdünüz ki, Azərbaycan vətəndaşlarını öldürəcəksiniz, mülki təyyarəni vuracaqsınız, üzr istəməyəcəksiniz və bundan sonra Azərbaycan prezidenti ora - sizin yanınıza gələcək? Mən çox şadam ki, Azərbaycan prezidenti Moskvaya getmədi”.


“Baxın Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil, nüvə dövləti deyil, çox böyük problemləri var, coğrafi baxımdan Rusiya və Moskvanın müttəfiqi olan İranla yanaşı yerləşir. Amma buna baxmayaraq, hətta belə vəziyyətdə də Azərbaycan ABŞ Prezidenti Co Baydenə, Fransa Prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə, Rusiya Prezidenti Vladimir Putinə, İranın ali dini rəhbəri Əli Xameneiyə “yox” deyə bilir”, -  politoloq qeyd edib.

O hesab edir ki, bu düzgün və qürurlu davranış Azərbaycanın güclənməsi ilə əlaqədardır: “Posovet məkanında Azərbaycan yeganə ölkədir ki, beynəlxalq siyasətin subyektinə çevrilib”.
 
Xatirə SADİQ