Danış ki, səni görüm - TƏMSİL

**Meyvələrin söhbəti

Mar 21, 2025 - 13:03
Danış ki, səni görüm - TƏMSİL

Heyva:

-İnsanlar vəhşidirlər! Məni bıçaqla kəsib yeyirlər. Düşünmürlər ki, doğrananda canım ağrıyır.

Şaftalı:

-Məni isə birbaşa ağıza qoyurlar. Tüklərimə dil dəyən kimi, şirəm axır...

Nar:

-Camaat əvvəlcə axmaq hərəkət ilə məni partladır, sonra ağzına gilə-gilə yığır. Niyə? Onsuz da bütöv idim də!

** ÇİÇƏKLƏRİN SÖHBƏTİ

-Sevirsən məni?

-Hə, əzizim.

-Bəs nəyi gözləyirsən?

-Küləyi, əzizim, yelin əsməsini.

** PİŞİKLƏRİN SÖHBƏTİ

-Dostum, gecə harada yatırsan?

-Küçədə, maşınların altında. Pis adamlar qovmasalar, blokda gecələyərəm.

-Mən evimə yaxşı adamı buraxmışam. Divanımda mənimlə yatmağa ona icazə verirəm.

** CAVANLARIN SÖHBƏTİ

-Deyirlər ki, siqaret, içki ziyandır. Bax, babam ömür boyu çəkib də, içib də. 90 il yaşayıb.

-Demək istəyirsən məhz çəkdiyinə və içdiyinə görə bu qədər yaşayıb? Bəlkə əksini etsəydi 98 il ömür sürərdi!

** TOYUQLARIN SÖHBƏTİ

Həyətdə başım işə qarışmışdı. Toyuqlar nərdivana qonub söhbətləşirdilər:

-Qızlar, mənə elə gəlir, kim isə yumurtalarımı oğurlayır.

-Elə mən də hər gün yumurtlayıram, amma qazan dolmur.

-Bizim əhlikef xoruzdan şübhələnirəm. Ya özü yeyir, ya da küçədə qumara qoyur.

-Oğru bəlkə budur?

Araya sükut çökdü. Hamısı mənə baxırdı.

-Ola bilməz, - deyə quşlardan biri nəhayət dilləndi. - Axı o, adamdır.

** AXMAQLARIN SÖHBƏTİ

Birisi dedi:

-Qaydalar onları pozmaq üçün qoyulub.

O biri bunun səsinə səs verdi:

-Qadağan edilmiş meyvə şirin olur.

** REKLAMLARIN FİTNƏSİ

Məhz onların sözündən başa düşmüşəm ki, həyatımı hədər yerə sürməmişəm, çox varlı, uğurlu və qabiliyyətli insanam. Sən demə, həm bankım var, həm kanalım. Üstəlik, ayrıca sevimli kanalım da.

Çoxarvadlı olmaq nəsib deyilmiş, amma çoxkanallı olmaq taleyimə yazılıb.

A.ƏZİZ