Dünyanın ən kasıb prezidenti haqqında maraqlı faktlar - Fermada yaşayırdı

Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.

May 14, 2025 - 10:39
Dünyanın ən kasıb prezidenti haqqında maraqlı faktlar - Fermada yaşayırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə indiki dövlət başçısı Yamandu Orsi sosial şəbəkədə məlumat verib.

Ölüm səbəbi metastazlı qida borusu xərçəngi olub. 2025-ci ilin əvvəlində Muxika müalicədən imtina edib və vətəndaşlarla açıq şəkildə vidalaşıb. O, 90 illik yubileyinə bir neçə gün qalmış vəfat edib.

Xose Alberto Muxika Kordano 2010-2015-ci illərdə Uruqvay prezidenti olub. O, solçu baxışları ilə tanınıb və təvazökar həyat tərzi sayəsində dünya siyasətinin ən tanınan simalarından birinə çevrilib. Hətta dövlət başçısı kimi o, kənd evində yaşamağa davam edib və prezident maaşının böyük hissəsini xeyriyyə işlərinə sərf edib.

Prezidentliyi dövrdə Muxikanın aldığı ən bahalı şey “Folksvaqen Juk” avtomobili olub. O bu avtomobili almaq üçün 1945 dollar xərcləyib.

X.Muxika "dünyanın ən kasıb prezidenti" kimi də tanınırdı. O, maaşının 90 faizini xeyriyyəçiliyə ianə edirdi, vəzifədə olduğu beş il ərzində sahib olduğu yeganə avtomobil 1987-ci il model köhnə maşın olub.

Muxikanın keçmişi “Tupamaros” partizan hərəkatı ilə bağlı olub. Həmin hərəkatın fəal üzvlərindən olan Muxika polislərlə qarşıdurma zamanı altı dəfə ciddi bədən xəsarəti də alıb. Prezident həmçinin 14 il türmə həyatı yaşayıb. 

Kasıb həyat tərzi sürən Xose prezident olduğu müddətdə xanımı ilə paytaxt Montevideonun yaxınlığındakı fermada yaşayıb.

“Mən öz tariximin oğluyam” deyən Muxika qeyd edir ki, çox yaxşı yaşayır və bu sadə həyat tərzi onu qane edir: ”Çünki mən həmişə sadə yaşamışam”.

Muxiko ona ayrılan senatorluq təqaüdündən imtina etmişdi.

Oğuz