Ərəb şəhərində slavyan barışığı? - Putinlə Zelenski bu şəhərdə görüşə bilər
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin müharibənin dayandırılması ilə bağlı danışıqları noyabrın ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirməsi planlaşdırılır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 23-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq və hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi olacaq.
Peskov qeyd edib ki, hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün təhlükəsizlik məsələlərinin müzakirəsi vacibdir. O, Avropa ölkələrinin danışıqlarda mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən belə bir ehtimalın istisna edilmədiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski də üçtərəfli görüşün keçirilməsini təsdiqləyib. O, oktyabrın 23-də ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə əlaqə saxladıqdan sonra danışıqların noyabrın birinci yarısında baş tutmasının planlaşdırıldığını açıqlayıb.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətləri səviyyəsində aparılacaq texniki danışıqlardan sonra üç ölkənin liderlərinin görüşü də keçirilə bilər.
Ukrayna Prezidenti mümkün sülh razılaşmasının Kiyevin təhlükəsizliyini təmin edən güclü zəmanətləri əhatə etməli olduğunu vurğulayıb. O, həmçinin Avropa ölkələrinin də danışıqlar prosesində iştirak etməli olduğunu bildirib.
Oğuz