Əsədin dustaqları şirlərə yedizdirən şəxsi killeri saxlanıldı - FOTO
Suriyanın devrilmiş lideri Bəşər Əsədin “killer”lərindən biri, Təlal Əl-Dəkkək saxlanılıb.
Bu haqda “Heyət Təhrir əl-Şam” açıqlama yayıb.
“Baas” rejiminin komandirlərindən olan Təlal suriyalı müxaliflərə işgəncə verməklə və onları öz bəslədiyi şirlərin önünə ataraq yedirməsi ilə tanınırdı.
Onun Həmadakı Üsyançılar Meydanında edam ediləcəyi açıqlanıb. Rejim əleyhdarlarının Təlalın edamında böyük izdihamı gözlənilir.
Əsəd rejiminin digər mühüm siması, general Əli Mahmud Dəməşqdəki qərargahında ölü tapılıb. Mahmud Bəşər Əsədin qardaşı Mahir Əsədin “sağ əli” kimi tanınırdı. O, mülki şəxslərə sistematik işgəncə verilməsinə görə məsuliyyət daşıyırdı və minlərlə insanın ölümündə pay sahibi idi.
Generalın cansız bədəninin yanında silah da tapılıb. Onun öldürüldüyü, yaxud intihar etdiyi hələlik dəqiqləşdirilməyib.
Qeyd edilib ki, “killer”lərin həbsi və edamları davam etdiriləcək. Komandirin edamı rejimin illərdir həyata keçirdiyi qəddarlıq və işgəncə siyasətinə simvolik cavab kimi qiymətləndirilir.
Bəşər Əsədin qardaşı Mahir Əsədin isə harada olduğu məlum deyil. Bəzi xarici mənbələrdə onun da əsir düşməsi ilə bağlı məlumatlar tirajlanıb, lakin məlumat hələ ki təsdiqini tapmayıb.