Federal hakim Trampın bu fərmanına qadağa qoydu – “Konstitusiyaya ziddir”
ABŞ federal hakimi Con Kuqenur ölkədə doğuşla əlaqədar avtomatik vətəndaşlıq hüququnun məhdudlaşdırılması haqqında prezident fərmanının icra olunmasını müvəqqəti qadağan edib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Hakim bu qərarı ölkənin 4 ştatının – Vaşinqton, Arizona, İllinoys və Oreqon ştatlarının tələbi ilə qəbul edib.
“Vəkillər kollegiyası üzvünün bu fərmanın konstitusiyaya uyğun olduğunu birmənalı şəkildə necə iddia edə biləcəyini başa düşməkdə çətinlik çəkirəm” - deyə Sietl dairə hakimi Con Kuqenur ölkə başçısının əmrini müdafiə edən Ədliyyə Nazirliyinin vəkilinə bildirib.
Koqenurun hökmü Trampın siyasətlərinin 14 gün ərzində ölkə daxilində həyata keçirilməsinin qarşısını alacaq. O, fevralın 6-da məhkəmə qadağasının uzunmüddətli olub-olmaması ilə bağlı arzumentləri dinləyəcək.
Agentlik hakim Kuqenurun bu addımını Trampın ikinci prezidentlik müddətinin mərkəzi elementlərindən biri olan sərt immiqrasiya siyasətinə vurulmuş ilk hüquqi məğlubiyyət kimi qiymətləndirib.
“Görünür, biz apellyasiya şikayəti verəcəyik”, - deyə Tramp hakimin qərarına münasibət bildirib.
Trampın fərmanında Amerika qurumlarına valideynlərin ABŞ vətəndaşı və ya qanuni daimi sakini olmadığı təqdirdə onların ABŞ-də doğulan uşaqlarının vətəndaşlığını tanımaqdan imtina etmək göstərişi verilib.
Xatirə SADİQ