Finalın hakimi 2020-ci ildə niyə saxlanılmışdı? - "Bu, həyatımın ən böyük səhvi idi" + VİDEO
DÇ-2026-da Argentina - İspaniya finalını idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç haqqında maraqlı iddialar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət onun 2020-ci ildə ifşa olunan fahişəlik şəbəkəsi ilə bağlı araşdırmada adının hallanmasından gedir.
Belə ki, 2020-ci ilin mayında Bosniya və Herseqovinada polis insan alveri və fahişəlik şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat zamanı narkotik vasitələr, silahlar, külli miqdarda pul və qoruyucu jiletlər aşkarlanıb. Həmin məkanda olan şəxslər arasında sloveniyalı hakim Slavko Vinçiç də olub.
Lakin araşdırmanın nəticəsi olaraq Vinçiçə qarşı heç bir cinayət ittihamı irəli sürülməyib. O, yalnız şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb. Hakim sonradan bildirib ki, Bosniyaya işgüzar görüş üçün gedibmiş və tanışlarının nahar dəvətini qəbul etdikdən sonra başına belə bir hadisə gəlib.
"Bu, həyatımın ən böyük səhvi idi. Oraya təsadüfən getmişdim və həmin şəxslərlə heç bir əlaqəm yox idi", - Vinçiç sonradan yerli mediaya açıqlamasında deyib.
Sloveniya Hakimlər Assosiasiyası da o vaxt bəyan etmişdi ki, Vinçiç heç bir cinayət işi üzrə şübhəli şəxs olmayıb və sadəcə "yanlış zamanda, yanlış yerdə" olub.
Qalmaqaldan sonra onun hakimlik karyerasında eniş müşahidə olunmayıb. Əksinə, UEFA və FIFA ona etimad göstərməyə davam edib. Vinçiç 2022-ci il Avropa Liqasının, 2024-cü il UEFA Çempionlar Liqasının finalını idarə edib, indi isə futbol dünyasının ən nüfuzlu oyunu sayılan Dünya Çempionatının finalına təyinat alıb.
Maraqlıdır ki, finala təyin olunduğunu öyrənən 46 yaşlı hakim göz yaşlarına hakim ola bilməyib. O, bunun həm özü, həm də Sloveniya futbolu üçün tarixi hadisə olduğunu bildirib.
Səlcuq