Fitso Putinə pul qazandırır – Zelenskidən Slovakiya güc strukturlarına çağırış
Slovakiyanın baş naziri Robert Fitsonun Rusiya ilə iş görmək istəyi həm Slovakiya, həm də bütün Avropa üçün təhlükəsizlik məsələsidir.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” platformasında yazıb.
Zelenskinin sözlərinə görə, Moskva Fitso üçün əhəmiyyətli endirimlər edir, lakin Slovakiya bunun üçün ödəyir. “Belə endirimlər pulsuz deyil – onlar üçün Rusiyaya suverenlik və ya kölgə sxemləri ilə ödəyirlər. Bu, Slovakiyanın hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri üçün maraqlı olmalıdır”, - deyə Ukrayna prezidenti vurğulayıb.
O, nəzərə çatdırıb ki, bu cür maliyyələşdirmənin təfərrüatları Avropa liderlərinin bu yaxınlarda Brüsseldə keçirilən görüşündə açıqlanıb. Liderlər qeyd ediblər ki, Fitso enerji müstəqilliyi üzrə birgə Avropa işində iştirak etmək və ya Rusiya qazının əvəzini axtarmaq istəmir. Əksinə, o, Amerika qazını və Avropadan olan digər tərəfdaşların enerji resurslarını sıxışdırmaq üçün Rusiyaya kömək etmək istəyir.
Zelenskinin fikrincə, Slovakiya baş naziri Rusiya prezidentinə müharibəni maliyyələşdirmək və Avropanı zəiflətmək üçün pul qazanmağa kömək etmək istəyir. “Putinin başladığı müharibəyə görə biz insanları itiririk və hesab edirik ki, Putinə bu cür yardım mənəviyyatsızlıqdır”, - deyə Ukrayna dövlət başçısı əlavə edib.
Onun sözlərinə görə, Fiko hətta keçid dövrünü yüngülləşdirəcək və asılılıqdan qurtulmağa kömək edəcək kompensasiyadan imtina edib.
“Yəni onun üçün bu məsələ təhlükəsizlik məsələsi deyil. Beləliklə, onun əsas məqsədi Rusiya ilə iş aparmaqdır və məhz ona bu, əlverişlidir. Bu, əslində həm Slovakiya, həm də bütün Avropa üçün böyük təhlükəsizlik problemidir. Niyə bu lider Moskvadan bu qədər asılıdır? Ona nəylə ödəyirlər və o, nəylə haqq-hesab verir?”, - deyə Zelenski sual edib.
Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda Fitsonun səfərini sərt tənqid edib. Çexiya da bu səfərə neqativ reaksiya verib.
Xatirə SADİQ