“Gürcüstan hökuməti de-fakto qeyri-legitimdir” – Helsinki Komissiyasının sədri

“ATƏT/DTİHB-nin yekun hesabatını oxuduqdan sonra Gürcüstanın yeganə legitim liderinin Salome Zurabişvili olduğunu söyləməkdə haqlı olduğuma əmin oldum”.

Dec 23, 2024 - 13:14
“Gürcüstan hökuməti de-fakto qeyri-legitimdir” – Helsinki Komissiyasının sədri

SAVASHMEDİA.az “SOVA”ya istinadən xəbər verir ki, bunu amerikalı konqresmen, Helsinki Komissiyasının sədri Co Uilson deyib. 
 
“ATƏT/DTİHB-nin Gürcüstandakı seçkilərlə bağlı hesabatını oxuyandan sonra mən  əvvəllər dediyimi təkrar edirəm: “Gürcü arzusu” hökuməti de-fakto qeyri-legitimdir. Prezident Zurabişvili yeganə legitim qüvvədir. İstənilən yeni hökumət azad və ədalətli seçkilər yolu ilə formalaşmalıdır”, - deyə respublikaçı konqresmen yazıb. 

Genişlənmə üzrə Avropa komissarı Marta Kos da amerikalı konqresmenlə eyni fikri bölüşür. 

O, “X” sosial şəbəkəsində yazıb ki, ATƏT/DTİHB-nin yekun hesabatı Gürcüstanda keçirilən son parlament seçkilərində ciddi nöqsanların olduğunu təsdiqləyir. 

“Hakimiyyət inamı, tanınmağı bərpa etmək və yüz minlərlə gürcüsünü küçələrə çıxaran Avropanın gələcəyini təmin etmək üçün prioritet tövsiyələri təcili həll etməlidir”.

Qeyd edək ki, ATƏT/DTİHB-nin Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı yekun hesabatı barədə Gürcüstanda fikir ayrılığına səbəb olub. 

Gürcüstan prezidenti, müxalifəti və vətəndaş cəmiyyəti hesab edir ki, yekun hesabat ATƏT/DTİHB-nin ilkin nəticələrini təsdiqləyib. “Gürcü arzusu” isə yalnız hesabatın müsbət məqamlarına diqqət yetirir.

Xatirə SADİQ