Gürcüstanda seçki nəticələri ləğv oluna bilərmi? - Elxan Şahinoğlunun şərhi 

Gürcüstanda keçirilmiş parlament seçkiləri ətrafında müzakirə və mübahisələr kəskinləşməkdədir.

Oct 29, 2024 - 10:18
Gürcüstanda seçki nəticələri ləğv oluna bilərmi? - Elxan Şahinoğlunun şərhi 

Ölkə müxalifəti ilə yanaşı, bir neçə Avropa ölkəsi və Kanada nəticələri tanımayacaqlarını açıqlayıblar. 

Dünəndən başlayaraq qonşu ölkədə seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifət aksiyalar keçirilir. Bu gün isə Gürcüstanın Mərkəzi Seçki Komissiyası bəyanat yayaraq bildirib ki, dairə seçki komissiyaları hər bir dairə üzrə beş seçki məntəqəsində bülletenləri yenidən hesablayacaq.

Maraqlıdır, "Gürcü Arzusu"nu hansı təzyiqlər gözləyir və ümumilikdə seçkilərin nəticələri ləğv oluna bilərmi?

Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, seçkilərin yenidən keçirilməsi real görünmür:

"Beynəlxalq müşahidəçilər - ATƏT, AŞPA və digər qurumlar seçkilərlə bağlı kəşkin bəyanatlar versəydilər, nəticələri şübhə altına alsaydılar, onda gürcü müxalifətinin şansı var idi ki, proses yenidən təkrarlansın. Yəni nəticələr ləğv edilsin. Lakin Qərb təşkilatları müəyyən fikirlər səsləndirsələr də, nəticələri şübhə altına almadılar. Bu da o deməkdir ki, seçkilər beynəlxalq səviyyədə tanınacaq. Düzdür, müəyyən ölkələr var ki, bunun əksini bəyan ediblər".

Mitinqlərin keçirilməsinə toxunan ekspert bildirib ki, bu, davamlı olmayacaq:

"Düzdür, gürcü müxalifəti mitinq keçirdi, amma onların hər gün bunu təkrar etməsi çətin olacaq. Çünki hökumətin də xeyli tərəfdarı var. O zaman onlar da dəstəkçilərini meydanlara səsləyəcəklər, bu da birbaşa qarşıdurma deməkdir. Mümkündür ki, ilkin mərhələdə mandat alan müxalifət parlamentin işində iştirak etməsin. Amma zaman keçdikcə, həm müxalifət, həm də Qərb nəticələrlə barışacaq. Avropa tərəfindən "Gürcü Arzusu"na qarşı sərt mövqe onları Rusiya ilə daha da yaxınlaşdıra bilər. Bu da Qərbin maraqlarına zərbədir. İndiki gərginlik bir müddət sonra səngiyəcək və bütün qüvvələr reallıqları qəbul edəcəklər".

Oğuz