Tiflisdə fitə basılan Viktor Orban danışdı - "Ciddi baxmayın, adi səs-küydür"
Səfərinin ilk günündə Tiflis sakinləri tərəfindən fitə basılan Macarıstanın baş naziri Viktor Orban Gürcüstan hakimiyyətinə tam dəstəyini bildirib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Orban gürcü həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra Tiflisdə keçirdiyi brifinqdə hakim partiyanı bir daha təbrik edib.
“Sizi təbrik etmək istəyirəm ki, Avropaya inteqrasiya istəyi kontekstində ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiniz. Baş nazirin bu ideyaya sadiqliyini çox yüksək qiymətləndiririk və mən şəxsən əminəm ki, onilliyin sonuna qədər Gürcüstan həqiqətən də ən yaxşı formada Avropa İttifaqına (Aİ) üzv dövlət olmağa hazır olacaq. Biz sizə kömək etmək üçün hər şeyi edəcəyik”, – Orban deyib.
Orban Gürcüstanda seçkilərin azad və ədalətli keçdiyini də bildirib. O, tənqidləri səs-küy adlandırıb və buna ciddi baxmamağı tövsiyə edib.
Macar baş nazirinin fikrincə, Avropa siyasəti “metodiki kitabça”ya əsaslanır: liberallar qalib gəlirsə, deməli, bu, demokratiyadır, mühafizəkarlar qalib gəlirsə, o zaman demokratiya olmadığı ortaya çıxır.
“Mən macar müşahidəçilərin hazırladığı hesabatı öyrəndim – bütün aspektlərdə hesabat müsbət idi, söhbət azad və ədalətli seçkilərdən gedirdi”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti Viktor Orbanı Avropadakı əsas müttəfiqlərindən biri adlandırır.
Ötən şənbə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Orban hətta ilkin nəticələrin açıqlanmasını belə gözləmədən hakim “Gürcü Arzusu” partiyasını qələbə münasibəti ilə ilk təbrik edən avropalı siyasətçi olub.
Aİ-nin 13 ölkəsinin naziri isə xüsusi bəyanatda Orbanın təşkilatın adından danışmağa saləhiyyətinin olmadığına diqqəti cəlb edib.
Qeyd edək ki, Orbanın mehmanxanaya gəlişi zamanı yaxınlıqda olan Tiflis sakinləri onu fitə basıblar və əleyhinə şüarlar səsləndiriblər. Bu, macar baş nazirinin çaşqınlığına səbəb olub.
Xatirə SADİQ