Həbsdən yayınmaq üçün ölümünü səhnələşdirdi - 13 ildən sonra təsadüfən...

Rusiyada illərdir hüquq-mühafizə orqanlarının axtarışında olan sabiq məmurun inanılmaz qaçış planı 13 ildən sonra üzə çıxıb.

Feb 22, 2026 - 14:21
Həbsdən yayınmaq üçün ölümünü səhnələşdirdi - 13 ildən sonra təsadüfən...

Söhbət Həştərxan vilayətində mənzil-kommunal təsərrüfatı sektorunda rəhbər vəzifə tutmuş Marianna Stupinadan gedir.

Rusiya mediasının, o cümlədən “RİA Novosti” və regional istintaq orqanlarının məlumatına görə, Stupina 2012-ci ildə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə sənədləri ilə manipulyasiya ittihamlarıyla mühakimə olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə hökmü qüvvəyə minsə də, o, cəzanı çəkmək üçün islah müəssisəsinə getməyib və ölkə daxilində gizlənməyə başlayıb.

İstintaq materiallarında qeyd olunur ki, Stupina əvvəlcə Tatarıstana üz tutub və bir müddət orada gizlənib. Lakin axtarışların intensivləşdiyini görən sabiq məmur daha radikal addım atmağa qərar verib. Rusiya mənbələrinin yazdığına görə, o, internet resursları vasitəsilə itkin düşən şəxslərlə bağlı məlumatları izləyib və Novosibirsk vilayətində tapılmış, şəxsiyyəti tam müəyyən edilməmiş qadın meyiti barədə xəbərə rast gəlib. Məhz bundan sonra plan işə salınıb.

İddialara görə, Marianna Stupinanın həyat yoldaşı Novosibirskə gedərək həmin meyiti guya arvadı kimi tanıyıb. O, morqda meyitin üzərindəki müəyyən fiziki əlamətləri Stupinanın bədən xüsusiyyətləri ilə eyniləşdirdiyini bildirib. Bu “tanıma” proseduru rəsmiləşdirilib və nəticədə rəsmi sənədlərdə Marianna Stupina ölmüş şəxs kimi qeydə alınıb. Beləliklə, onun barəsində icra edilən axtarış və cəza tədbirləri faktiki olaraq dayandırılıb.

Rusiya mediası yazır ki, “ölmüş” elan edilən sabiq məmur bir müddət sonra yenidən Həştərxan vilayətinə qayıdıb və başqa ad altında, saxta sənədlərlə gizli həyat sürməyə başlayıb. O, 13 ildən artıq müddətdə hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmağı bacarıb. Bu müddətdə açıq fəaliyyət göstərməsə də, tamamilə izsiz də olmayıb – ailə üzvləri ilə əlaqələrini müəyyən formada saxladığı bildirilir.

Hadisənin ifşası isə tamamilə başqa bir cinayət işi çərçivəsində baş verib. 2010-cu ildə baş vermiş iki nəfərin qətli ilə bağlı istintaq hərəkətləri zamanı hüquq-mühafizə orqanları maliyyə əməliyyatlarını araşdırarkən Stupinanın adı yenidən gündəmə gəlib. Qətldə təqsirləndirilməsə də, zərərçəkmiş şəxslərdən biri ilə əlaqələrinin araşdırılması zamanı onun “ölü” hesab edilən şəxs olmasına dair ziddiyyətlər üzə çıxıb. Əlavə yoxlamalar nəticəsində məlum olub ki, illər əvvəl dəfn edilmiş qadının kimliyi ilə bağlı sənədləşmədə uyğunsuzluqlar var və Stupinanın ölüm faktı saxtadır.

Nəticədə sabiq məmurun gizləndiyi yer müəyyən edilib və o, saxlanılaraq islah müəssisəsinə göndərilib. Rusiya İstintaq Komitəsi bildirir ki, artıq əvvəlki hökmün icrası ilə yanaşı, ölümün səhnələşdirilməsi, dövlət orqanlarını aldatma və sənədlərin saxtalaşdırılması ilə bağlı ayrıca hüquqi qiymət verilməsi məsələsi də araşdırılır.

Beləliklə, 13 il ərzində hüquqi baxımdan “ölü” sayılan Marianna Stupina təsadüfi araşdırma nəticəsində yenidən “dirilib” və uzun illərdən sonra məhkəmə hökmü icra olunmağa başlayıb. (musavat)