Həftəbecər - 2

“Kimdir? Gülzar?”

May 6, 2025 - 12:46
Həftəbecər - 2

– Alo, məşğulluq mərkəzidir?

– Bəli.

– İş axtarıram. Deyirlər, sizdə rüşvət götürməyə icazə vermirlər. Bu, düzdür?

– Düzdür.

– Deyin, bəs harada icazə verirlər?..

– All-loo, məşğulluq idarəsidir?

– Buradır.

– Heyf, mənə ora lazımdır.

– Al-lo! Məşğulluq mərkəzidir?

– Oradır.

– Bəs bura haradır?

– A, alo. Məşğulluq idarəsidirmi?

– Ora buradadır.

– Bəs idarə haradadır?

Aktuallaşdırma

Gözlənilən idarədən gözlənilməyən fitva almışıq. Toy evinin bacasından ağ rəngli tüstü çıxarsa, deməli, gəlinin üzü ağdır. Yox, tüstü qaradırsa – qoy bütün nəslinin üzü qara olsun!

Klonizasiya 

Tarix boyu böyüklərə, o cümlədən ən böyük hökmdarlara da “sən” deyə müraciət olunub. Lakin XVIII əsrdə cumbulu San-Marino knyazlığında varislik hüququ ilə taxta uşaq qalxdı. Mövcud qaydaya əsasən, işləri müvəqqəti idarə etməkdən ötrü ona regent təyin olunmalı idi. Olundu, amma 2 nəfər. Regentlər fərman və sərəncamları knyazın adından “Biz” şəxs əvəzliyi ilə yazır və imzalayırdılar. Onlara da “Siz” deyə müraciət edilirdi. Bu, hökmdarların xoşuna gəldi. Tezliklə həmin ideya digər dövlətlərə yayıldı. Rus çarı da məhz belə deyirdi: “Biz, II Nikolay...”.

Bir ölkə tanıyıram. Məddahlar hörməti azdan çoxa fərqləndirir, dərinə qazır, “cənab” sözünü cəm şəklində hallandırırlar: “Çox dərin hörmətli nazir cənabları...”.

“Gəl, özgə arvadı, bir də öpüşək”

Fotoda: Donald Trampın sevimli arvadı Melaniya strateji dodaqlarını Kanadanın o zamankı baş naziri Castin Trüdoya məst halda uzadır

Dünyaya nümunə göstərən Qərbdə sıravi insanlardan dövlət başçılarınadək görüşərkən ərlər bir-birinin əlini sıxır, digərinin arvadını isə öpürlər. Arvadlar da bunu müsbət qəbul edir, yad kişinin öpüş ağuşuna məmnuniyyətlə “Я тоже” deyib hoppanırlar.

Adi adamlar üçün bu, adətkar olduqları pozğunluğun davamıdır. Siyasətçilərdə isə, yəqin, bizim kimi sadələrin anlaya bilməyəcəkləri siyasi fənddir...

Xalqın hakimiyyəti

Xalq hakimlik etməyi sevir. İnternetdəki şərhləri oxusan – görərsən. Mənə də bir məmurun özü, oğlu və gəlini barədə məqalə göndərib “vay-vay” dedilər. Mən isə deyə bilmərəm. Ona görə yox ki, məmurları sevirəm, hörmət edirəm, hadisəyə inanmıram. Sadəcə, hakim gərək tərəfləri dinləsin, təfərrüatı, dəlil və sübutları öyrənsin. Məqalə oxumaqla mühakimə yürütmək yüngüllükdür!

“Trampdan danış”

Nə danışım, əgər 100 gün ərzində ən böyük nailiyyəti nəşəxor amerikalını 4,5 milyard dollardan artıq çirkin pul “yumuş” rusiyalıya dəyişməsi oldusa?! ABŞ vətəndaşı sərhəddə ifşa və həbs edilmişdi. Asanlıqla. Rus cinayətkarı uzun müddət izləmiş, sonra ifşa etmişdilər. Bu əməliyyata bir neçə milyon dollar sərf olunmuşdu. Tramp isə “Qənaət” deyə-deyə gəldi və pulları havaya buraxdı.

“Tarixi 100 gün” yubileyində Tramp seçkilərdə rəqibi olmuş Kəmalə Hərisin ərini Memorial ittifaqdakı işindən çıxardı. Belə cılızlığı prezident cənablarından gözləmək olmazdı. Amma Donna Tramp heç də prezident deyil. O, reketir, gopçu, psixoloji zorbazdır. Və nə iləsə primadonnald İlhamə Quliyevanı xatırladır. O da öz “dağlarına” güvənərək, qadın müğənniləri qarşısında əyilməyə, ayaqlarının yanında əyləşməyə, onun əllərindən öpməyə təhrik edirdi. Tarix unudulmur. Xüsusilə, videoda həkk olunubsa.

Xroniki xronika

2105-ci il. Rusiya Oveçkinin rekordunun 80 illik yubileyini təntənəli surətdə qeyd edir.

Küçələr, binalar onun mırıq portretləri ilə bəzədilmişdir. Kreml Oveçkini  “Aleksandr Veliki” elan edir və şərəfinə “Legioner” ordeni təsis edir...

Ölkə başçısının fərmanı ilə mavzoleyin iki tərəfində Oveçkinin abidəsi qoyulacaq.

A.ƏZİZ