“Hərbi əməliyyatları dayandırmaq vədini Tramp vermişdi” - Kaya Kallas
Rusiya ilə müharibəni sona çatdırmaq üçün Ukraynaya yardım məsələsində təkcə Avropa məsuliyyət daşımır, bunu həm də ABŞ daşıyır.
SAVASHMEDİA.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Kallas xatırladıb ki, məhz ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatları dayandırmaq vədini verib: “Məhz o, qətlləri dayandırmağa söz verirdi. Ona görə də bu (Ukraynaya müharibəni dayandırmağa kömək etmək – red.), bizim yeganə məsuliyyətimiz ola bilməz”.
Maraqlıdır ki, onun iradı Ukrayna və onun müttəfiqlərinin Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini kəskin dəyişməsinin mənasını anlamaqda çətinlik çəkdiyi bir vaxta təsadüf edib.
Bu həftənin əvvəlində ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yazıb ki, Ukrayna “öz ilkin sərhədləri daxilində döyüşməyə və bütün ərazisini geri qaytarmağa qadirdir”. O, əlavə edib ki, bu, Aİ və NATO-nun dəstəyi ilə baş verəcək, onlar “Amerika silahları ilə özlərinin uyğun gördükləri kimi hərəkət edə bilərlər”.
Hərçənd avropalı məmurların əksəriyyəti Ukraynanın ünvanına daha iltifatlı tonu alqışlasa da, bəziləri xəbərdarlıq ediblər ki, Tramp Amerikanın iştirakını azaltmaq və Vaşinqtonu məsuliyyətdən azad etmək niyyətinə işarə edə bilər.
“NATO Birləşmiş Ştatlar olmadan mövcud deyil. Amerika NATO-nun ən iri müttəfiqidir. Ona görə də NATO-nun nə etməli olduğundan söhbət gedəndə bu, həm də Amerikanın nə etməli olduğu anlamına gəlir”, - deyə Kallas vurğulayıb.
Xatirə SADİQ