İmamoğlu işində adı keçən İsa Qəmbər danışdı - "Yalandır, elə bir şirkət..."
Müsavat Partiyasının başqanı İsa Qəmbər İBB-nin həbsdə olan sədri Əkrəm İmamoğlu ilə bağlı aparılan “casusluq işi” çərçivəsindəki istintaq sənədlərində adının hallanmasına münasibət bildirib.
Xatırladaq ki, Türkiyə mediasında yayılan məlumatlarda istintaq materiallarına istinadən bildirilmişdi ki, ABŞ-da yaradılmış “Freedom LLC” adlı şirkət vasitəsilə guya “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının rəhbəri olmuş İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
SAVASHMEDİA.az xəbər verir ki, İsa Qəmbər bu iddialara aydınlıq gətirərək deyilənlər əsassız adlandırıb:
“Mənim haqqımda yazılanlar həqiqət deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm və həmin şirkət vasitəsilə guya mənə "maliyyə dəstəyi göstərilməsi" uydurmadır”.
İ.Qəmbər əlavə edib ki, bu cür informasiyalar məqsədli şəkildə yayılır və reallıqla heç bir əlaqəsi yoxdur.
“Bu, kimlərinsə siyasi məqsədlər üçün ortaya atdığı dezinformasiyadır. Mənim fəaliyyətim və mövqeyim hər zaman şəffaf olub. Nə mən, nə də rəhbərlik etdiyim partiya xaricdən hansısa maliyyə yardımına ehtiyac duymayıb”.
Qeyd edək ki, İmamoğlu və onun ətrafına qarşı açılan “casusluq işi” çərçivəsində istintaq materiallarında Azərbaycanın adının hallanması həm Türkiyə, həm də yerli mediada geniş rezonans doğurub.
Oğuz