İran Kəşfiyyat Nazirliyi azərbaycanlılara xəbərdarlıq etdi - O telekanala məlumat ötürənlər... 

İran Kəşfiyyat Nazirliyi xaricdə fəaliyyət göstərən və iranlılar tərəfindən yaradılmış müxalif media qurumlarının siyahısını açıqlayıb. Siyahıya Güney Azərbaycan Televiziyası (Günaz TV) də daxil edilib.

Jul 18, 2026 - 13:34
Jul 18, 2026 - 16:31
İran Kəşfiyyat Nazirliyi azərbaycanlılara xəbərdarlıq etdi - O telekanala məlumat ötürənlər... 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti adı siyahıda olan media orqanlarına, eləcə də Günaz TV-yə müsahibə verən, mesaj yazan, foto və video göndərən şəxslərə xəbərdarlıq edib. Bildirilib ki, belə şəxslər "casusluğa görə cəzanın artırılması haqqında" qanunun 4-cü maddəsi əsasında ağır şəkildə cəzalandırılacaqlar.

Şahinoğlu xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı Güney Azərbaycanda yaşayan soydaşlarımız İran ərazisi üzərindən Ermənistana daşınan hərbi yüklərin foto və videolarını Günaz TV-yə göndərirdilər. Onun sözlərinə görə, həmin görüntülər sayəsində Rusiyanın hərbi texnikasının İran vasitəsilə Ermənistana çatdırılması faktı üzə çıxmış, bundan sonra Tehrana kəskin etiraz bildirilmiş və bu proses dayandırılmışdı.

Politoloq hesab edir ki, İranın hazırkı yanaşmasına görə, həmin materialları Günaz TV-yə göndərən şəxslər də cəzalandırıla bilər.

O qeyd edib ki, Günaz TV Güney Azərbaycanda peyk antenaları vasitəsilə geniş izlənilir, tamaşaçılar proqramlara zəng edir, mesaj yazır və müxtəlif materiallar göndərirlər. Şahinoğlunun fikrincə, İran hakimiyyəti məhz bu əlaqələri məhdudlaşdırmağa çalışır.

Politoloq bunun fonunda Azərbaycanda da oxşar yanaşmanın tətbiq olunub-olunmaması ilə bağlı da yazıb. O bildirib ki, xüsusilə İranın "Səhər" telekanalı başda olmaqla, Azərbaycan əleyhinə təbliğat aparan və dezinformasiya yayan media qurumlarına müsahibə verən, foto və video göndərən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması müzakirə edilə bilər.

Şahinoğlu əlavə edib ki, "Səhər" telekanalının əməkdaşları tez-tez Azərbaycanın siyasi ekspertləri ilə əlaqə saxlayaraq onlardan rəy almağa çalışırlar.

Oğuz