İsrail SEPAH komandanı Hacızadəni necə öldürdüyünü açıqladı - "Yeraltı qərargahda idi"

İsrail ordusu (IDF) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı Əmir-Əli Hacızadənin öldürüldüyünü elan edib.

Jun 13, 2025 - 15:45
Jun 13, 2025 - 15:56
İsrail SEPAH komandanı Hacızadəni necə öldürdüyünü açıqladı - "Yeraltı qərargahda idi"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə IDF-nin bəyanatında deyilir.

“Gecə kəşfiyyat idarəsi müəyyənləşdirib ki, SEPAH Hərbi Hava Qüvvələrinin ali komandanlığı İsrail dövlətinə hücuma hazırlaşmaq üçün yeraltı qərargahda toplaşıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmir-Əli Hacızadə və digər yüksək vəzifəli məmurların olduğu qərargaha hücum edib.

Hacızadə ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı üzrə komandanı Taher-Pur və SEPAH hava hücumundan müdafiə komandanı həlak olub”, - deyə məlumatda bildirilir.

“The İnsider” yazır ki, Hacızadə 2019-cu ildən ABŞ sanksiyaları altında idi, 2022-ci ildə isə o, Avropa İttifaqı və Kanadanın, o cümlədən İranın “Şahed” dronlarının Rusiyaya tədarükündə iştirak etdiyinə görə məhdudiyyətlərə məruz qalıb. O, bu vəzifəni 2019-cu ildən bəri tuturdu.  

Ukrayna mediası xatırladıb ki, məhz həmin dövrdə İran Tehran-Kiyev reysi üzrə Ukraynanın “Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsini vurmuşdu. Təyyarədə olan 176 nəfər (167 sərnişin, 9 ekipaj üzvü) həlak olmuşdu. 

Xatirə SADİQ