"Prezident Administrasiyasına layihə göndərilib" – Çağırışçıların yaş həddi azaldılır?
Bu yaxınlarda Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.
Maraq doğuran məqamlardan biri yaş həddi ilə əlaqədar idi. DSX xüsusilə xəbərdarlıq edirdi ki, namizədlərin yaşı 30-u keçməməlidir.
Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırışın 35 yaş olduğunu nəzərə alsaq, bu elan bir sıra suallar doğurdu. Əgər DSX-ya yalnız 30 yaşadək hərbçi lazımdırsa, o zaman Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə çağırış nəyə görə 35 yaş hüdudunda saxlanılır?
Xatırladaq ki, 2002-ci ilə qədər ölkəmizdə çağırış müddəti 18 yaşdan 27-yə qədər idi. Amma Qarabağ münaqişəsinin həll olunmadığı bir dövrdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik olunduğundan bu yaş həddi 18-dən 35-ə qaldırıldı. O zaman bunu hər kəs anlayışla qarşılamağa çalışdı. Lakin indi – ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğu bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırışın 35 yaş həddində saxlanılması həqiqətən nonsens təəssüratı doğurur.
Bu arada isə əhali arasında müddətli həqiqi hərbi xidmətə çağırışın 30 yaşa endiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.
SAVASHMEDİA.az çağırışçıların yaş həddinin endirilməsinin mümkün olub-olmaması ilə bağlı hərbi ekspert Səxavət Məmmədə müraciət edib.
Səxavət Məmməd bildirdi ki, hərbi xidmətə çağırış yaşının 35-dək olması əslində dünyada ən yüksək yaş həddlərindən biridir. “35 yaş həddi təcrübəsinə, demək olar ki, dünyanın əksər ölkəsində rastlanmır, MDB-yə üzv ölkələrdə isə ümumiyyətlə yoxdur”.
Onun sözlərinə görə, hazırda Ukrayna ilə müharibə aparan Rusiyada belə bu yaş həddi yoxdur. “Rusiyada müddətli həqiqi hərbi xidmətə çağırışın yaş həddi 27-dir, indi bu həddi 30 yaşadək qaldırmaq ehtimalı var”, - deyə hərbi ekspert əlavə etdi.
Səxavət Məmməd xatırladır ki, bu məsələ uzun zamandır müzakirə olunur, çünki həm cəmiyyətdə, həm də orduda çağırışçıların yaş həddi ilə bağlı çox ciddi narazılıq var: “Deyəcəksiniz, hansı mənada narazılıq var? O mənada kı, 34-35 yaşlı əsgər həm yaş, həm də fiziki hazırlıq baxımından ciddi problem yaradır”.
Hərbi ekspert hesab edir ki, yaxın günlərdə müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı yaş həddinin 35-dən 30 yaşa endirilməsi gözlənilir:
“Məndə olan informasiyaya görə, artıq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə layihə göndərilib. Yaxın zamanlarda yaş həddi 35-dən 30-a endiriləcək. Hətta 34-35 yaşlarında olan vətəndaşlarımızın hərbi xidmətə çağırılaraq onlardan pul tələb edilməsi məsələsi də gündəmdədir. Əgər yaş həddi 30-a endirilsə, 30-dan yuxarı çağırışçıların məsələsi birdəfəlik həll olunacaq. Ona görə də DSX-nin həqiqi hərbi xidmətə qəbulla bağlı yalnız 30 yaşadək hərbiçilərə müraciət etməsi sırf bu məsələ ilə bağlıdır. Böyük ehtimalla, dövlət qurumları da xəıbərdardırlar ki, çağırışçıların yaş həddi 35-dən 30-a endiriləcək, ona görə də bu cür davranırlar”.
Xatirə SADİQ