Jurnalisti dövlətə xəyanətdə ittiham edə bilərlər - Rusiyada

Rusiya hüquq-mühafizə orqanları hazırda xaricdə yaşayan rusiyalı jurnalist Yuri Dudu dövlətə xəyanət maddəsi üzrə yoxlaya bilər. 

Jul 25, 2025 - 13:55
Jurnalisti dövlətə xəyanətdə ittiham edə bilərlər - Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Səlahiyyətli orqanlar Yuri Dudun hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət əlamətlərinin olub-olmadığını yoxlaya bilərlər”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“The Moscow Times” yazır ki, bunun üçün nəyin əsas götürüldüyünə aydınlıq gətirilməyib. Lakin bu məlumat jurnalistin Rusiyaya qarşı sanksiyaların memarlarından biri, ABŞ-nin keçmiş səfiri Maykl Makfolla müsahibəsinin dərcindən sonra ortaya çıxıb. 

Qeyd edək ki, iyulun 22-də Moskvanın Basmannı məhkəməsi  Dudu “xarici agent” vəzifəsindən yayınma ittihamı ilə  qiyabi həbs edib. O, Rusiyanın hərbi və hərbi-texniki fəaliyyəti barədə məlumatların məqsədyönlü toplanmasında ittiiham olunur.
 
O, Sports.ru saytının keçmiş baş redaktoru və 10 milyondan çox abunəçisi olan “vDud” YouTube kanalının müəllifidir. 

Dud siyasətçilər, mədəniyyət xadimləri, jurnalistlər və blogerlərlə müsahibələr, eləcə də müasir Rusiya tarixində mühüm hadisələrə və sosial problemlərə həsr olunmuş sənədli filmlər hazırlayır.

Rusiyanın Ukraynanı işğalından sonra Dud müharibəyə qarşı çıxıb və ölkəni tərk edib. 2022-ci il aprelin 15-də Rusiya Ədliyyə Nazirliyi onu “xarici agent” elan edib.

Xatirə SADİQ