“Kapital Bank" müştərini tələyə necə salır? – Özünə pul köçürdü, FAİZƏ DÜŞDÜ

İqtisadçı ekspert Samir Əliyev ölkənin aparıcı banklarından biri olan Kapital Bank barədə sərt iddialarla çıxış edib.

Apr 13, 2026 - 14:11
“Kapital Bank" müştərini tələyə necə salır? – Özünə pul köçürdü, FAİZƏ DÜŞDÜ

Ekspert sosial şəbəkədə paylaşdığı fikirlərdə bankın mobil tətbiqi - Birbank üzərindən aparılan əməliyyatlarda müştərilərdən haqsız komissiya və faiz tutulduğunu bildirib.

Onun sözlərinə görə, problem xüsusilə eyni karta edilən köçürmələr zamanı ortaya çıxır. Belə ki, istifadəçi səhvən öz kredit kartından yenə özünə köçürmə etdikdə, sistem bunu adi əməliyyat kimi yox, sanki nağdlaşdırma kimi qiymətləndirir və nəticədə əlavə komissiya və faiz tətbiq olunur.

Samir Əliyev konkret nümunə də çəkib: cəmi 50 manatlıq əməliyyata görə 4% komissiya tutulub və üstəlik gündəlik faiz hesablanmağa başlanıb. Onun fikrincə, bu, texniki səhv deyil, sistemli problem və müştərilərin zərərinə işləyən mexanizmdir.

Ekspert bankın bu cür əməliyyatlara ümumiyyətlə icazə verməməli olduğunu vurğulayıb. Bildirib ki, istifadəçi eyni kartlar arasında köçürmə edə bilməməlidir və bu, texniki baxımdan asanlıqla məhdudlaşdırıla bilər.

Məsələnin əsas tərəfi isə maddi itkidən daha genişdir. İqtisadçı hesab edir ki, bu cür yanaşma xidmət keyfiyyətinin aşağı olduğunu göstərir və oxşar hallardan bankların ciddi gəlir əldə etməsi ehtimalını ortaya qoyur.

O, ümumilikdə ölkədə maliyyə xidmətlərindən istifadə edən vətəndaşların kifayət qədər qorunmadığını qeyd edib. Ekspertin fikrincə, maliyyə savadlılığının aşağı olması bəzi kredit təşkilatları tərəfindən sui-istifadəyə yol açır.

Samir Əliyev həmçinin tənzimləyici qurum olan Azərbaycan Mərkəzi Bankı barədə də tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, qurum əksər hallarda müşahidəçi mövqeyi tutur və problemlərin həlli üçün operativ addımlar atmır.

Səlcuq 
SAVASHMEDİA.az