Krım tatarlarının liderinə ağır itki
Krım tatarlarının lideri Mustafa Cemilevin bacısı Qulizar Abdullayeva bazar günü, martın 9-da işğal olunmuş Krımda vəfat edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Krım tatarları hərəkatının fəal üzvü və iztisasca ingilis dili müəllimi olan Qulizar Abdullayeva 78 yaşında əbədiyyətə qovuşub.
Valideynləri Krımdan deportasiya olunduğu üçün Qulizar Abdullayeva 1947-ci il iyunun 12-də Özbəkistanın Əndican vilayətinin Aim qəsəbəsində anadan olub.
Qulizar ailədə yeddi uşağın altıncısı idi. Sonradan onların hamısı Krım tatar milli hərəkatının fəal iştirakçılarına çevriliblər.
1976-cı ildə ailəsi ilə birlikdə Krıma qayıtsa da, 1979-cu ildə üç Cəmilev ailəsi – Qulizarın özü, onun bacısı Dilyarə və ataları Əbdülcəmil ağa yenidən Krımdan Krasnodar diyarına deportasiya ediliblər. Yalnız 1989-cu ildə onlar öz vətənlərinə qayıda biliblər.
Qulizar Abdullayeva uzun illər Baxçasaraydakı Krım tatar məktəbində və Tankovoye kəndindəki istedadlı uşaqlar üçün internat məktəbində dərs deyib. O, Krımın Rusiya tərəfindən işğal olunmasına və bütün çətinliklərə baxmayaraq, dogma vətənində yaşamağa davam edib.
Bu tanınmış mübariz ailənin övladının dəfn mərasimi bu gün saat 14:00-da Baxçasaraydakı məsciddə keçirilib.
Xatirə SADİQ