Lavrov istanbuldan "barmaq silkələdi" - "Kənar oyunçular Qafqaza soxulmaq istəyir"  

“Cənubi Qafqaz üçün əsas təhlükə regiondankənar oyunçuların bu bölgəyə soxulmaq cəhdləridir”. 

Oct 18, 2024 - 18:15
Lavrov istanbuldan "barmaq silkələdi" - "Kənar oyunçular Qafqaza soxulmaq istəyir"  

SAVASHMEDİA.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu İstanbulda keçirilən “3+3” formatında üçüncü görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, bu oyunçular regionda öz şərtlərini diktə etməyə və Cənubi Qafqazda problemləri həll etməyə yox, NATO mərkəzli formatları təşviq etməyə, burada blok proseslərini inkişaf etdirməyə, qonşu dövlətlər arasında ziddiyyətlər yaratmağa yönəlmiş sxemlər tətbiq etməyə çalışırlar. O, buna nümunə kimi Tbilisinin son dövrdə qəbul etdiyi qanunlar fonunda Avropa İttifaqının Gürcüstanla assosiasiyaya üzvlüklə bağlı əlaqələri faktiki dayandırmaq qərarını göstərib.

O, bildirib ki, çox ciddi problemlərdən biri Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləridir. Buna nümunə kimi “iki süveren dövlət” adlandırdığı Abxaziya və Cənubi Osetiya ilə Gürcüstanın münasibətlərinın qızışdırılmasına çalışıldığını vurğulayıb. 

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma region üçün aktual olaraq qalır. Lavrovun sözlərinə görə, Rusiya, İran və Türkiyə iki dövlət arasında sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif edib.

O, bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır: “Ona görə də biz bu məsələləri bütövlükdə nəzərdən keçirməyi və cəlb olunan ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etməyi təklif etdik. Əgər proses iştirakçıları bunu istəsələr, Rusiya buna şərait yaratmağa hazırdır”

Xatirə SADİQ