“Macarıstan və Slovakiya rus qazını Azərbaycan qazı ilə əvəzləməyə yaxındır” – “Bloomberg”
Avropa İttifaqının (Aİ) Rusiya qazından asılı olan ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsi ilə bağlı razılaşmaya yaxındır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Danışıqlardan xəbərdar olan mənbələrə istinadən agentlik yazır ki, Macarıstanın “MVM” şirkəti və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” şirkəti ildə Ukrayna vasitəsilə nəql olunan 12 – 14 milyard kubmetr qazın tədarükünə dair müqavilələr imzalamağa hazırdır.
Məlumdur ki, Ukraynanın dekabrda müddəti başa çatan müqaviləni “Qazprom”la uzatmaq niyyəti yoxdur. “Qazprom” yanacağının əvəzinə bu kəmərlə Azərbaycan qazı keçəcək.
SOCAR dövlət şirkəti onu Sudjadakı qaz ölçmə məntəqəsinə (hazırda Kursk vilayətindəki bu sərhəd şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir) nəql edəcək, oradan isə öz ölkələrinə çatdırılması üçün Macarıstan və Slovakiya şirkətlərinə ötürüləcək.
Kommersiya sazişinin qüvvəyə minməsi üçün Kiyevin siyasi qərarı tələb olunacaq. Çünki Ukraynanın qaz nəqli sisteminin operatoru tranzit gücünü ehtiyatda saxlamalı olacaq.
Bundan başqa, Rusiya ilə Azərbaycan arasında mübadilə sazişi də zəruridir, belə ki, Azərbaycanın cari tədarükü əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur.
Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək. Bu, son zamanlar ildə 800 milyon dollar təşkil edib.
Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. Bu barədə Serbiya Aleksandr Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində bildirib. O, deyib ki, gələn həftə Azərbaycan lideri İlham Əliyevlə SOCAR-ın hansı həcmi təmin edə biləcəyi məsələsini müzakirə edəcək. Bundan sonra isə Vuçiç Rusiya ilə yeni müqavilə üzrə danışıqlar aparmalı olacaq, çünki hazırkı müqavilənin müddəti 2025-ci ildə başa çatır.
“Asan olmayacaq, lakin Bakıdakı danışıqlardan sonra biz Rusiya ilə nə etmək lazım olduğunu anlayacağıq”, - deyə Vuçiç vurğulayıb.
Qeyd edək ki, Serbiya tədarükləri fəal şəkildə şaxələndirir. SOCAR ilə əməkdaşlıqla yanaşı, Yunanıstandakı LNG terminalından yeni boru kəməri açır.
Xatırladaq ki, Ukraynadan tranzit tədarükü bitəndən sonra “Qazprom” ildə 6,5 milyard dollar itirəcək.
Xatirə SADİQ