Maradonanın daxili orqanları niyə şişibmiş? - Məhkəmədə yeni faktlar açıqlandı 

Dieqo Maradonanın ölümündən əvvəl daxili orqanlarında şişlik əmələ gəlib.

Mar 28, 2025 - 18:42
Maradonanın daxili orqanları niyə şişibmiş? - Məhkəmədə yeni faktlar açıqlandı 

SAVASHMEDİA.az xəbər verir ki, bunu sabiq futbolçunun meyitinin yarılma hesabatını hazırlayan ekspertlərdən biri, məhkəmə-tibb eksperti Karlos Maurisio Kassinelli deyib.

Argentina millisi ilə DÇ-1986-nın qalibi 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. “Boka Xuniors” , “Barselona” və “Napoli”nin sabiq futbolçusunun ölüm səbəbi ürək tutması kimi göstərilsə də, müayinə Maradonanın ikinci dərəcəli kəskin ağciyər ödemi və xroniki ürək çatışmazlığının ağırlaşması nəticəsində dünyasını dəyişdiyini göstərib.

Mart ayında Argentinada Maradonaya həyatının son günlərində yardım göstərən tibb işçilərinin məhkəməsi başlayıb – 7 nəfər qəsdən adam öldürməkdə ittiham olunur və onları 8 ildən 25 ilə qədər həbs gözləyir.

“Müayinə başdan başladı. Beyin çox sıx idi və maye toplandığı üçün şişmişdi. Normal beyindən böyük idi. Sonra boynu müayinə etdik: plevra boşluqlarında hər birində yarım litrə yaxın maye tapdıq. Ağciyərlər çox şişmişdi, su ilə dolmuşdu.

Bütün bunlar zamanla yavaş-yavaş inkişaf edib. Bir-iki-üç gündə özünü büruzə vermir, irəliləyir.

Ağciyərlər birlikdə təxminən 1,1 kiloqram ağırlığında idi – tipik yetkin ağciyərlərdən 170 qram daha ağır. Onun kəskin ağciyər ödemi var idi. Böyrəkləri böyümüşdü. Onun qarın boşluğunda üç litrə yaxın maye var idi.

O, evdə saxlanılacaq xəstə deyildi. Ona tibbi yardım göstərmək üçün xəstəxanaya yerləşdirilməli idi”, – Kasinelli məhkəmə iclasında deyib.