Marneulidə seçki saxtakarlığına görə saxlanılan azərbaycanlı DANIŞDI

Marneuli rayon məhkəməsi oktyabrın 26-da keçirilən seçkilərdə bülletenləri seçki qutusuna doldurmaqda ittiham olunaraq saxlanılan iki qardaş barəsində həbs-qətimkan tədbiri seçib.

Nov 1, 2024 - 16:52
Nov 1, 2024 - 16:58
Marneulidə seçki saxtakarlığına görə saxlanılan azərbaycanlı DANIŞDI

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. 

Onlardan biri Marneuli Şəhər Şurasının sədri Rövşən İsgəndərov, digəri isə onun qardaşı Əkbər İskəndərovdur.

“Onlar saxtakarlıqdan danışırlar, amma mənim heç nəyi saxtalaşdırmağa ehtiyacım yoxdur. Hamı bilir ki, bu inzibati ərazi vahidində 17 min nəfər yaşayır və hamısı 100% mənim tərəfimdədir. Bircə onu bilirəm ki, əgər kimsə videoçəkilişi redaktə etsə, buna görə həbsxanaya göndəriləcək. Bu iş planlı şəkildə baş verib, buna əminəm. Ümid edirəm ki, bu, “Milli Hərəkatın” məhkəməsi deyil, ədalətli məhkəmədir”, - deyə Rövşən İskəndərov prosesdə bülletenlərin atılması ilə bağlı videogörüntülərin montaj edildiyinə eyham vurub. 

Xatırladaq ki, oktyabrın 26-da, parlament seçkiləri günü Gürcüstanın kütləvi informasiya vasitələri Marneulidə 69 saylı seçki məntəqəsində bir nəfərin seçki qutusuna topa bülleten atdığını əks etdirən videogörüntülər yayıb.

Daxili İşlər Nazirliyi bu faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 164-cü maddəsi (“Seçkilərin saxtalaşdırılması”) ilə araşdırmaya başlayıb, Mərkəzi Seçki Komissiyası isə həmin məntəqənin nəticələrini ləğv edib.

Xatirə SADİQ