Medvedev SSRİ liderlərini "impotent" adlandırdı - Ukraynadan danışıb almanlara qəzəbləndi
“Ukraynada münaqişənin Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası kimi bölünməsini nəzərdə tutan həll ssenarisinin heç bir şansı yoxdur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev “telegram” kanalında yazıb.
“Yəni parçalanmış Ukrayna AFR və QDR-in bənzərinə çevrilir, burada, təbii ki, “AFR” rolu Bandera Kiyevinə, “ADR” isə vətənə qayıdan Rusiya torpaqlarına aid edilir. Heç bir şansı olmayan belə ssenarinin niyə ortaya çıxdığı aydındır”, - deyə Medvedev əlavə edib.
Onun sözlərinə görə, bu variantla bağlı müzakirələr ondan qaynaqlanır ki, danışıqlar zamanı mübahisəli ərazilərin milli mənsubiyyəti müzakirə olunmur.
“Lakin bu, “iki Almaniya” modeli üzrə nizamlanma deyil”, - deyə Medvedev vurğulayıb.
Onun fikrincə, “necə fırlatsan da”, Almaniyanın yenidən birləşməsinin əsasında o dövrün sovet liderlərinin impotentliyindən istifadə edən almanların öz ölkələrini birləşdirmək istəyi dayanırdı.
“Təklif olunan ssenaridə bir slavyan xalqının yeni bölünməsinin başdan ayağa iylənmiş ideyası satılır”, - deyə TŞ sədrinin müavini iddia edib.
O, əmindir ki, heç kim nüvə silahına malik fövqəldövlətin Ukraynaya nəsə verəcəyi variantını ciddi qəbul etməyəcək. Onun fikrincə, belə variantı hesablayanlar yalnız Rusiyanın parçalanmasına ümid edə bilərlər.
Qeyd edək ki, Ukraynanın “alman modeli” üzrə bölünə biləcəyi ideyasından “Financial Times” yazmışdı. Nəşrin iddiasına görə, Qərbdə və Kiyevdə getdikcə daha çox məmur münaqişəyə son qoymaq üçün “Almaniya ssenarisi”nə meyl edir.
Onların fikrincə, bu halda Ukrayna itirilmiş ərazilərsiz NATO-ya üzv ola bilər.
Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində deyib ki, ölkənin “alman ssenarisi” üzrə – itirilmiş ərazilər olmadan NATO-ya daxil olub-olmaması barədə qərarı yalnız ukraynalılar verə bilər.
Rusiya prezidenti Vladimir Putin noyabrda qeyd edib ki, Moskva Ukraynanı müstəqil ölkə kimi tanıyanda müvafiq bəyannamədə neytrallıqdan danışılıb, NATO-ya daxil olmaqdan söhbət getməyib.
Xatirə SADİQ