Litvanın sabiq naziri gürcü spikerə xəbərdarlıq etdi – “Diqqətli ol…”
Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin “Facebook”dakı paylaşımına sərt cavab verib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, sabiq nazir Gürcüstan parlamentinin sədrinə repressiv rejimlərin taleyini xatırladıb.
“Repressiv rejimlər öz rəqiblərini litvalılarla müqayisə edərkən diqqətli olmalıdırlar, çünki litvalıların bənzər məsələlərdə zəfər tarixi var”, - deyə Lansbergis yazıb.
Xatırladaq ki, Gürcüstan parlamentinin sədri hakimlərin “Babilo” restoranında keçirilən korporativ tədbirinə etiraza reaksiya verib. Burada digər pankartlarla yanaşı “çaypurtxe” (tüpürmək) banneri də olub. Papuaşvili sosial şəbəkələrdə yazıb ki, yeməyə tüpürmək və arxadan buna bənzər davranışlar Litva tərzidir və həmişə ən utancverici davranış hesab edilib.
Gürcüstan parlamentinin spikerinin bu postu yanvarın 13-də (sovet qoşunlarının Vülnüsdə qan tökdüyü gündə - red.) yazması Gürcüstanda və Litvada birmənalı qarşılanmayıb.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “X” sosial platformasında xatırladıb ki, 13 yanvar Litva xalqının tarixində Azadlıq Müdafiəçiləri Günü kimi qeyd olunur.
“1991-ci il yanvarın 13-də cəsur Litva xalqı öz müstəqilliyini müdafiə etdi. Bu mühüm gündə Gürcüstan Litvanın və onun xalqının yanındadır. Gürcüstan öz Avropa yolunda Litvanın güclü dəstəyini həmişə hiss edir”, - deyə Zurabişvili yazıb.
Xatırladaq ki, Azərbaycan xalqının mərd oğul və qızlarının da qatili hesab olunan Mixail Qorbaçovun əmri ilə 1991-ci il yanvarın 11-13-də müstəqillik tələb edən litovluların azadlıq mücadiləsini silahlı yolla yatırtmaq məqsədilə Litvanın paytaxtı Vilnüsə sovet hərbi birləşmələri yeridilmişdi. Bu qanlı təcavüz nəticəsində Vülnüsdə 14 mülki şəxs həlak oldu. Bu hadisə Bakıdakı 20 Yanvar faciəsinin birinci ildönümünə 7 gün qalmış baş vermişdi.
Xatirə SADİQ