“Nə dialoq, ancaq çubuq dilini anlayanlarla nə danışacağıq?” - Saakaşvili
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili “Gürcü arzusu”nu ölkədə məskunlaşmış və yalnız “çubuq dilini” başa düşən “cinayətkar qruplaşma” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Saakaşvili bu fikirləri distansion şəkildə məhkəmə prosesində iştirak edərkən söyləyib.
O, qeyd edib ki, “Gürcü arzusu”ndan qorxmaq olmaz, əksinə onlar geri çəkiləcəkləri xalqın qarşısında qorxmalıdırlar.
“Bizim onlara çağırış etməyimiz, “gəlin, bizimlə danışın” deməyimiz lazım deyil. Onlar bizdən xahiş etməlidirlər ki, heç olmasa onlarla nə barədəsə danışaq. Bu gün yeganə çıxış yolu budur. Bu nəsihətlərə, ovsunlara, hansısa gülüş doğuran çağırışlara son qoyulmalıdır”, - deyə eks-prezident bildirib.
ATƏT/DTİHB-nin yekun hesabatına münasibət bildirən Saakaşvili bildirib ki, insanların kütləvi etirazı olmasaydı, beynəlxalq təşkilat belə qənaətə gəlməzdi.
“ATƏT-in bu qənaəti QHT-lərimizin, jurnalistlərimizin, siyasi partiyaların güclü əməyinin nəticəsidir. Demək istərdim ki, Salome Zurabişvilinin bu müddətdə beynəlxalq fəaliyyəti çox müsbətdir. Odur ki, hər şey çox aydındır. Polşanın baş naziri, dostumuz Donald Tusk gürcü xalqını küçələrə çıxmağa çağırdı, belə şeylər çox nadir hallarda olur. Bir çox beynəlxalq xadimlər eyni çağırışı edir, prezident Makron da praktiki olaraq eyni çağırışı etdi”, - deyə Saakaşvili əlavə edib.
Eks-prezident hesab edir ki, belə fəaliyyətin konkret nəticəsi var, amma gürcülər özlərini aldatmamalıdır.
“Biz yalnız bir dildən anlayan adamlarla, bir dəstə ilə məşğuluq və bu nəsihət, ovsun dili deyil. Bu bandadır, bu, Gürcüstanda oturuşmuş cinayətkar qruplaşmadır, bircə dil başa düşürlər, o da çubuq dilidir! Bu çubuq nə deməkdir? Hər dəfə təzyiqlərin artırılması deməkdir: bu, tətildir, bu, gürcü xalqını soyan biznesin boykotudur...”, - deyə sabiq dövlət başçısı nəzərə çatdırıb.
Qeyd edək ki, prezident Salome Zurabişvili Gürcüstandakı siyasi böhrandan iki çıxış yolu təklif edib: “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və partiya liderləri ilə kompromis yolu ilə dialoq və ya “rejimi məhv etməklə” yeni seçkilərə nail olmaq. İvanişvilini yenidən Orbeliani sarayına dəvət edən Zurabişvili bildirib ki, görüş dekabrın 29-na qədər baş tutmalıdır. Həmin gün Gürcüstanda yeni prezidentin andiçmə mərasimi keçirilməlidir.
Xatirə SADİQ