Netanyahu müdafiə nazirini işdən çıxardı – “Ona etimadım sarsılıb”
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinə istinadən “Azadlıq radiosu” məlumat yayıb.
Hərbi quruma rəhbərlik sabiq xarici işlər naziri İsrael Katza həvalə edilib. Gideon Saarı isə xarici işlər naziri postunu tutub.
“Müharibənin ilk aylarında etimad mövcud idi və iş fayda gətirirdi, amma buna baxmayaraq, son aylarda mənimlə müdafiə naziri Qalant arasında bu etimad, təəssüf ki, sarsıldı”, - Netanyahu bildirib.
O həmçinin vurğulayıb ki, Qalant Nazirlər Kabinetinin bütün qərarlarına zidd qərarlar qəbul edib və bəyanatlar verib. Netanyahu əmin edib ki, o, fikir ayrılıqlarını aradan qaldırmağa çalışıb, lakin alınmayıb. Nəticədə İsrailin düşmənləri vəziyyətdən çox faydalana biliblər.
Yoav Qalant isə “İsrail dövlətinin təhlükəsizliyi həmişə mənim həyatımın işi olub və olacaq” yazıb.
“Reuters” xəbər verib ki, Likud partiyasından olan Netanyahu və Qalant bir neçə aydır, İsrail ordusunun Qəzza zolağında “HƏMAS” qruplaşmasına qarşı əməliyyatının gələcək məqsədləri barədə mübahisə edir. Hərbçilər uzun müddətdir, hərbi əməliyyatların dayandırılması və “HƏMAS”ın əlində qalan girovların evlərinə qayıtması ilə bağlı razılığın əldə olunmasının tərəfdarıdırlar. Netanyahu isə israr edir ki, “HƏMAS” hakim təşkilat və silahlı qüvvə kimi Qəzza zolağında məhv edilənə qədər döyüşlər davam etməlidir.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə cihadçıların İsrailin cənubuna hücumu nəticəsində 1200-dən çox insan öldürülüb, 250-dən çox insan girov götürülərək Qəzzaya aparılıb.
Xatirə SADİQ