Nyu-Yorkun mərkəzi avtomobillər üçün ödənişli oldu

Nyu-York sürücülərin mərkəzi yollarda rüsum ödəyəcək ilk ABŞ şəhərinə çevrildi.

Jan 6, 2025 - 14:16
Nyu-Yorkun mərkəzi avtomobillər üçün ödənişli oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Məlumata görə, şəhərin mərkəzi küçələrində maşın sürmək üçün sürücülər 9$ ödəməli olacaqlar. İş günləri axşam saat 21:00-dan səhər 5:00-a qədər, həftə sonları isə axşam saat 21:00-dan səhər 9:00-a qədər Manhettenə daxil olan sürücülər üçün məbləğ 2,25 dollara düşəcək. 

Kiçik yük maşınlarının sürücüləri pik saatlarda 14,40 dollar, böyük avtomobillərin sürücüləri isə 21,60 dollar ödəyəcək.

Bu sxemin şəhər mərkəzinə daxil olan avtomobillərin sayını təxminən 10% azaltması, həmçinin Nyu-Yorkda ictimai nəqliyyatın inkişafı üçün 15 milyard dollar toplanmasına kömək edəcəyi gözlənilir.

Şəhər Nəqliyyat İdarəsinin (MTA) sədri və baş direktoru Yanno Liberin sözlərinə görə, bu plan beş il ərzində hazırlanıb. 

Nyu-Cersi ştatının vəkilləri bu qaydaya qadağa qoyulması üçün vəsatət qaldıraraq ödənişin həyata keçirilməsinin qarşısını almağa çalışsalar da, hakim dinləmədən sonra bu vəsatəti rədd edib.

Bununla belə, rəqdim olunan gediş haqqı sxeminin gələcəyi qeyri-müəyyən olaraq qalır. Çünki respublikaçılar yeni seçilmiş prezident Donald Trampı proqramın federal təsdiqini ləğv etməyə çağırırlar.

Xatırladaq ki, “Inrix” hərəkətin monitorinq platformasının versiyasına görə, ötən il Nyu-York dünyanın ən tıxaclı şəhəri kimi tanınıb. 

Xatirə SADİQ